Suraxanıda tender verilən şirkət 3 il qanunsuz fəaliyyət göstərib? - İki ildə 76 müqavilə...

Suraxanıda tender verilən şirkət 3 il qanunsuz fəaliyyət göstərib? - İki ildə 76 müqavilə...

26-05-2023 11:06 / Bu xəbər 1027 dəfə oxundu

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi (MKTB) müxtəlif təyinatlı hissələrin satın alınması ilə bağlı tenderə yekun vurub. 

"Qaynarinfo" xəbər verir ki, satınalma müsabiqəsinin qalibi "Koneks Construction” MMC seçilib. 

Tərəflər artasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 139.922,04 AZN təşkil edir.

Tenderin şərtlərindən məlum olur ki, MKTB avtoşin, akkumlyator və bu kimi maşın hissələri alacaq. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında "Koneks Construction” MMC-nin 27 noyabr 2019-cu ildə qeydiyyata alındığı göstərilir. 

Şirkətin nizamnamə kapitalı 10 AZN-dir. 

Hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 202-də yerləşən MMC-nin qanuni təmsilçisi Fərzəliyev Mehdi Məhəmmədəli oğludur. 

Bundan əvvəl şirkətin qanuni təmsilçisi Osmanlı Vahid Cuma oğlu olub. MMC-nin hüquqi ünvanı isə Bakı şəhəri Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, ev 39, mənzil 29-da yerləşib.

Açıq mənbələrdə Mehdi Fərzəliyev və şirkət barəsində hər hansı məlumat yoxdur. 

Dövlət satınalmalarının vahid elktron portalında yerləşən məlumatlardan aydın olur ki, barəsində heç bir məlumat olmayan şirkət 2021-2023 illər ərzində 76 satınalma müqaviləsi imzalayıb.

Müqavilələrdən aydın olur ki, "Koneks Construction” MMC geyim, zibil konteynerləri, dəftərxana ləvazimatları, odun və bu kimi mütxəlkif təyinatlı malların satışını həyata keçirməklə yanaşı, tikinti işləri də görür. 

Fəaliyyət sferası bu qədər geniş olan və tenderlərdə fəal iştirak edən belə bir şirkətin nə veb-səhifəsi, nə də əlaqə nömrələri var. 

MMC-nin yaranma tarixi da ziddiyyətlidir. 

Açıq mənbələrdə qeyd edilir ki, şirkət 2016-cı ildən ildən tikinti sektorunda fəaliyyət göstərir. 

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında şirkətin 2019-cu ildə qeydiyyata alındığı göstərilir. Bu o deməkdir ki, şirkət 3 il vergi uçotuna dayanmadan fəaliyyət göstərib. 

Yox əgər, elə 2019-cu ildə təsis edilibsə, o zaman 3 il əvvəl necə fəaliyyət göstərib? 

Belə qənaət yaranır ki, "Koneks Construction” MMC özü haqqında həqiqətə uyğun olmayan, şişirdilmiş dosye tərtib edib. 

Suraxanı MKTB Suraxanı Rayon İcra Hakimiyyətinə tabeli qurumdur. 

Suraxanının icra başçısı Əziz Əzizovdur. 

O, 2019-cu ildən bu vəzifədədir. 

Əzizov Əzizov 2006-2018-ci illərdə Cəlilabadın, 2018-2019-cu illərdə isə Yasamalın icra başçısı vəzifəsində çalışıb.