Suriyadan 6, İraqdan 2 nəfər Azərbaycana gətirilib

Suriyadan 6, İraqdan 2 nəfər Azərbaycana gətirilib

07-10-2024 15:54 / Bu xəbər 496 dəfə oxundu

Ölkəyə gətirilən azərbaycanlıların qayıdış şəhadətnamələri ilə təmin edildiyi açıqlanıb

Sentyabrın 18-də Suriyadan 6 nəfər, oktyabrın 7-də isə İraqdan 2 nəfər Azərbaycan vətəndaşının repatriasiyasının həyata keçirildiyi bildirilir.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat İdarəsinin yaydığı məlumatda qeyd olunur.

Bildirilir ki, əvvəlcə repatriantların yeri, şəxsiyyəti və Azərbaycan vətəndaşlığına mənsubiyyəti müəyyən edilib: "Suriya və İraqdan Azərbaycan vətəndaşlarının repatriasiyasına məsul olan müvafiq dövlət qurumlarının nümayəndələri Türkiyəyə və İraqa ezam edilib, repatriantların ilkin tibbi və psixoloji müayinəsinin həyata keçirilməsi təmin olunub”.

"Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla onlar qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında repatriasiyası həyata keçirilib”, – deyə məlumatda vurğulanıb.

Həmçinin repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçiriləcəyi vurğulanır.

Nazirlikdən o da bildirilib ki, Azərbaycan hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş vətəndaşların repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcək.

Sonuncu dəfə iyunun 4-də Suriya ərazisində yerləşən düşərgələrdə saxlanılan 5-i uşaq və 1-i qadın olmaqla 6 nəfər Azərbaycan vətəndaşının repatriasiyası həyata keçirilmişdi.