Şuşaya qayıda bilməyən Qacarlar

Şuşaya qayıda bilməyən Qacarlar

19-01-2022 14:22 / Bu xəbər 642 dəfə oxundu

Yanvarın 24-dən Şuşaya marşrutlar açılır. Bu, ömrünün 30 ilini köçkün kimi yaşamış şuşalılar üçün adi xəbər deyil. 

Baxmayaraq ki, bir ildən artıqdır şəhər Azərbaycanın nəzarətinə keçib, amma hələ də o torpağa ayaq basa bilməyən şuşalılar var. Onlardan biri də Şuşanın köklü ailələrindən olan Bəhmənovlardır.

Şuşanı tərk edərkən gənclik dövrünü yaşayan, hazırda orta nəsil hesab olunan şəxslərin yanında Bəhmənov soyadını səsləndirəndə ilk xatırladıqları mərhum polis mayoru Aristotel Bəhmənov olur.

Köçkünlük illərində yol polisi sistemində müxtəlif vəzifələrdə çalışan Bəhmənov o dövrdə Şuşada da yol polisi əməkdaşı kimi fəaliyyət göstərib. Müharibə başlayanda o da digər qardaşları kimi vətənin müdafiəsinə qalxıb.

Aristotel Bəhmənov Birinci Qarabağ Müharibəsində batalyon komandiri olub, şəhərin müdafiəsi uğrunda son günə qədər döyüşüb. Sonradan isə Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib.
 
Aristotel Bəhmənov - Birinci Qarabağ müharibəsində

Həyatının ən gözəl illərini Şuşa həsrəti ilə yaşayan Aristotel Bəhmənov şəhərinin işğaldan azad olunması xəbərini eşitsə də, əcəl ona o torpaqlara bir də qayıtmaq şansını vermədi...

"Harda dağlıq, çəmənlik görürdüsə, Şuşanı xatırlayıb kədərlənirdi. Bir dəfə bir dağlıq yerdə Xarıbülbülə rast gəldi. Çox kövrəlmişdi. Ən çox ona yanıram ki, bu qədər həsrət çəkdi, amma Şuşanı gedib görə bilmədi", - Bəhmənovun həyat yoldaşı Leyla Bəhmənova deyir.

Yanvarın 20-si Aristotel Bəhmənovun həyatla vidalaşmasının ildönümüdür. 

Ailəsi həm də ona təəssüflənir ki, Aristotel və digər qardaşları nəsli üçün Şuşada salınmış şahlıq qəbristanlığında, atası Keymah Bəhmənovun yanında dəfn edilməyiblər. Axı Şuşada həm də Bəhmənovların təmsil olunduğu Qacarlar sülaləsinin məzarlığı vardı...

Bəhmənovlar Qacarlar sülaləsinin nümayəndələrindən biri, Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın nəslinin davamçılarıdır.
 
Aristotel Bəhmənov - Şuşanın müdafiəsində

Tarixi mənbələrə görə, Cənubi Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar 1848-ci ildə saray çəkişmələri nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyir. 

Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Amma Bəhmən Mirzə Qacar Şuşada yaşamaq istədiyini bildirir və öz hərəmləri, uşaqları, yaxın ətrafı ilə ora köçür. 

Bəhmən Mirzənin 31 oğlu, 32 qızı olub. O, oğlanlarına və nəvələrinə Avropa təhsili verib. Oğullarının əksəriyyəti hərbçi olub. Birinci Dünya Müharibəsi ərəfəsində onların arasından 6 general və bir neçə zabit çıxmışdı. 

Tarixçilər yazır ki, Bəhmən Mirzənin nəvələri Oktyabr inqilabını qəbul etməyib və hətta bir neçəsi bu yolda canından keçib.

Aristotel Bəhmənovun atası şahzadə Keymah Bəhmənov Bəhmən Mirzənin nəvəsi, Keyqubad Mirzənin oğludur. 1914-cü ildə Şuşada, Bəhmən Mirzənin sarayında anadan olan Keymah Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirir, sonra da Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndinə təyinat alır. Elə burada da Pəri Sultanova ilə ailə həyatı qurur.
 

Aristotel Bəhmənov
 
Pəri Sultanova sonradan Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı olmuş Ayna Sultanovanın bacısıdır. Keymah Bəhmənovun onunla nikahından iki oğlu dünyaya gəlib. Hər ikisinə filosof adı qoyub - Dekart və Herman. Dekart çox gənc yaşlarında həyatdan köçüb.

Sovetlər zamanı Keymah Bəhmənovun doğulduğu saray sonradan onların əlindən alınıb və "Şuşa" Pansionatı kimi istirahət zonasına çevrilib.

Keymah Bəhmənov 1941-ci ildə Böyük Vətən Müharibəsinə yollanıb. Həmin ərəfədə də həyat yoldaşını itirib. Müharibədən sonra fəaliyyətini Ağdamda davam etdirib və elə burada da əslən Abdal kəndindən olan Şəfiqə Əliyeva ilə ailə qurub. Bu nikahdan onun 3 oğlu, 3 qızı dünyaya gəlib. 

Keymah Bəhmənov 1947-ci ildən 1991-ci ilə qədər Şuşa şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb. Gəncliyindən fəlsəfəyə, riyaziyyata böyük sevgisi olan alim oğlanlarına da sevdiyi filosofların adını verib - Hoffer, Bunzen və Aristotel.

Ömrünün 77-ci ilində, 1991-ci ildə vəfat edən Keymah Bəhmənov Qacarlar sülaləsinə məxsus "Şahlıq Türbəsi"ndə dəfn edilib.

Şuşasız keçən 30 ilə yaxın dövr Keymah Bəhmənovun hər üç oğlunun da ömrünü sonlandırıb. Sonbeşiyi Aristotel Bəhmənov isə artıq bir neçə il idi xəstəlikdən əziyyət çəkirdi.

Tarixin təkrarlandığına inanan Leyla Bəhmənova övladlarının da bu nəslin ləyaqətli davamçısı olacağını düşünür: "İndi Qacarlar nəslinin davamçıları var. Aris (yaxınları onu belə adlandırırdı – red.) də ulu babası kimi övladına Avropa təhsili verdi, oğlumuz Ağaməhəmməd Fransada təhsil alıb, indi hərbi xidmətdədir. Bir qızım həkimdir, digər qızım isə atasının yolunu davam etdirir, polis baş leytenantıdır".

Şuşaya qayıtmaq, o yerlədə bir də həyat yoldaşının gözü ilə baxmaq istəyir Leyla xanım: "Xoş günlərimizin, gözəl xatirələrimizin hamısı Şuşayla bağlıdır”.

Gülgəz Kərim