Şvabe Azərbaycanla bağlı AŞPA-ya təzyiqlərdən danışıb: “AŞPA alver yeri deyil”

Şvabe Azərbaycanla bağlı AŞPA-ya təzyiqlərdən danışıb: “AŞPA alver yeri deyil”

18-04-2024 14:59 / Bu xəbər 708 dəfə oxundu

Deputat deyir ki, yalnız tələbləri yerinə yetirdikdən sonra Azərbaycanın səsvermə hüququ qaytarıla bilər

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) almaniyalı deputatı, Azərbaycan nümayəndə heyətinin səsdən məhrum edilməsi barədə qərarın təşəbbüskarlarından olan Frank Şvabe deyir ki, Bakı səsvermə hüququnun qaytarılmaması üçün hər şeyi edir.

Bu barədə Şvabe "Turan”a müsahibəsində deyib.

Onun sözlərinə görə, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun qaytarılması Avropa Şurasının tələblərinin yerinə yetirildiyi halda mümkündür.

Ancaq Frank Şvabe hazırda Bakının belə istək nümayiş etdirmədiyini qeyd edib.

"Əgər siz Avropa Şurası Parlament Assambleyasının yanvar sessiyasında qəbul edilmiş hesabatı diqqətlə oxumusunuzsa, sənəddə qeyd olunub ki, nümayəndə heyəti bir il müddətinə səsvermə hüququndan məhrum edilib. Biz başqa qərarı nəzərdən keçirməyə hazır olacağıq, ancaq bir şərtlə ki, Azərbaycan Avropa Şurasının qaydalarına tam əməl etməyə hazır olsun”, – deyə Şvabe vurğulayıb.

O, Azərbaycan hakimiyyətinin son aylar həyata keçirdiyi repressiyaları nəzərdə tutaraq təəssüflənir ki, hələlik Bakıdan bunun əksini görürlər: "Son aylardakı hadisələri yada salmaq kifayətdir: "Toplum” TV jurnalistlərinin həbsi, çox xəstə olan Qubad İbadoğlunu azad etməkdən imtina. Bunların hamısı bizim nəzərə aldığımız çox aydın siqnallardır”.

Şvabe bildirib ki, o, AŞPA-nın bəzi üzv ölkələrinin Azərbaycan nümayəndə heyətinin səsvermə hüququnun qaytarılması ilə bağlı etdiyi diplomatik təzyiqlərdən də xəbərdardır.

"Ancaq Avropa Şurası Parlament Assambleyası alver yeri deyil, bu, prinsiplərin, qaydaların və dəyərlərin mövcud olduğu təşkilatdır. Son aylarda biz bir daha gördük ki, Azərbaycan bu qaydaları tanımır və onlara əməl etmir. Əksinə, biz əks istiqamətdə addımlar gördük, xüsusən də bu ilin yanvarından sonra”, – deputat qeyd edib.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqla görüşündə demişdi ki, Azərbaycan nümayəndə heyətinin hüquqları bərpa edilməlidir: "Nümayəndə heyətinin hüquqları bərpa olunmayacağı təqdirdə, Azərbaycan Avropa Şurası və Avropa İnsan Haqları Məhkəməsində iştirak məsələsinə yenidən baxacaq”.

Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək, AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.

Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?

Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.

Həmin il yanvarın 24-də Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.

1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.

1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.

1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də "Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.

2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.

Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında "Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.

Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.