Şvabe yenə Azərbaycan hakimiyyətini repressiv adlandırdı
02-10-2024 16:23 / Bu xəbər 807 dəfə oxundu
"Avropa Şurasının üzvü olan ölkə üçün baş verənlər tamamilə qəbuledilməzdir”
Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Frank Şvabe növbəti dəfə Azərbaycan hakimiyyətini tənqidçilərinə və vətəndaş cəmiyyətinə qarşı repressiyaları davam etdirməkdə qınayıb.
"Turan”a danışan Frank Şvabenin sözlərinə görə, Avropa Şurasının üzvü olan ölkə üçün baş verənlər tamamilə qəbuledilməzdir.
"Biz komissiyaların iclaslarında bu barədə çox danışmışıq və vəziyyət dəhşətlidir. Rəsmi Bakının İşgəncələrə qarşı Komitənin missiyasını ölkəyə buraxmaqdan imtina etməsini xatırlatmaq kifayətdir. Ümumiyyətlə, Avropa Şurası Parlament Assambleyası üzvü olan ölkədə işgəncələrin olması tamamilə qəbuledilməzdir”, – almaniyalı deputat belə deyib.
Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı hüquqlarının bərpa olunması ehtimalı barədə suala isə Şvabe belə cavab verib: "Yanvarın 24-də nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsi barədə qərardan sonra Azərbaycanda vəziyyət daha da pisləşib”.
O, Azərbaycan hakimiyyəti ilə dialoqun mümkünsüz olduğuna işarə vurub: "Rəsmi Bakı Avropa Şurası Parlament Assambleyasının 76 deputatını "persona non-qrata” elan edibsə, hansı dialoqdan söhbət gedə bilər? Eyni zamanda, ölkədə siyasi məhbusların sayı artır. COP29 ərəfəsində müsbət dəyişikliklərin olacağını düşünürdük, amma bunun əksini görürük”.
Frank Şvabe və Liz Kristofersen.
Foto: Turan
Oxşar mövqeyi Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi Liz Kristofersen də səsləndirib: "Azərbaycanda baş verənlər narahatlıq doğurur və Avropa Şurası Parlament Assambleyası rəsmi Bakıya aydın siqnal göndərməlidir ki, bu neqativ hallara son qoyulsun”.
Kristofersen bildirib ki, jurnalistlərin, vətəndaş cəmiyyəti fəallarının və hökumət tənqidçilərinin həbsi xüsusi narahatlıq doğurur: "Bütün bu həbslərin həyata keçirilməsinə imkan verən qanunvericilik də narahatlıq doğurur. Yəni "Siyasi partiyalar haqqında” Qanun, "Media haqqında” Qanun və qanunvericilikdə qeyri-hökumət təşkilatlarını təqib edilməsinə imkan verən digər düzəlişlər…”.
Məruzəçi Azərbaycanı Avropa Şurası ilə əməkdaşlığa çağırıb: "Azərbaycan Avropa Şurasına qayıtmaq üçün bu təşkilata münasibətini dəyişməli və Avropa Şurası institutları ilə əməkdaşlıq etməlidir”.
Amma rəsmi Bakıdan bu istiqamətdə müsbət siqnalların olub-olmaması barədə suala Liz Kristofersen mənfi cavab verib.
Sentyabrın 10-da "Human Rights Watch” və insan hüquqları ilə məşğul olan 10 təşkilat AŞPA-ya çağırış edib.
Təşkilatlar bildiriblər ki, Avropa Şurası AŞPA-ya qayıtmaq istəyən Azərbaycana qarşı konkret və aydın meyarları işləyib hazırlamalı və tətbiq etməlidir.
Azərbaycanın AŞPA-da səsvermə hüququ nə vaxt məhdudlaşdırılıb?
Yanvarın 24-də Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti bəyanat verərək AŞPA ilə əməkdaşlığı və təşkilatda iştirakını qeyri-müəyyən müddətə dayandırmaq qərarını elan edib.
Təşəbbüsün müəllifi əsasən də Almaniyanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Frank Şvabe olub.
O, Azərbaycanı diktatura, İlham Əliyevi isə insan hüquqlarını məhdudlaşdıran "diktator” adlandırıb.
Azərbaycanın Avropa ilə əlaqələri nə vaxtdan başlayır?
Azərbaycan ilə Avropa Şurası arasında əlaqələrin tarixi 1992-ci ildən başlayıb.
Həmin il yanvarın 24-də Azərbaycan parlamenti "xüsusi dəvət edilmiş qonaq” statusu almaq üçün Avropa Şurasına müraciət edib.
1996-cı il martın 17-18-də Azərbaycan Avropa Şurasının Qanun vasitəsilə Demokratiya üzrə Avropa Komissiyasına üzv qəbul olunub.
1996-cı il iyulun 13-də isə Azərbaycanın Prezidenti Heydər Əliyev Avropa Şurası baş katibinin adına məktub göndərərək Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmaq və digər üzv dövlətlər kimi "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmaq arzusunda olduğunu bildirib.
1998-ci il yanvarın 20-də Prezident Heydər Əliyev "Azərbaycan Respublikası ilə Avropa Şurası arasında əməkdaşlığın dərinləşdirilməsi və Azərbaycan Respublikasının Avropada mənafelərinin müdafiə edilməsi sahəsində tədbirlər haqqında”, 1999-cu il oktyabrın 21-də "Avropa Şurasında Azərbaycan Respublikasının təmsilçiliyinin təşkilati təminatı haqqında” sərəncamlar verib.
2000-ci il iyunun 26–28-də AŞPA-nın növbəti sessiyasında Azərbaycan Respublikasının Avropa Şurasının tamhüquqlu üzvlüyünə qəbul edilməsinə dair müsbət rəy verilib.
Avropa Şurası Nazirlər Komitəsinin 2000-ci il noyabrın 7-9-da keçirilən sessiyasında "Azərbaycanın Avropa Şurasına üzv olmağa dəvət edilməsi” adlı 14 saylı qətnamə qəbul edilib.
Nəhayət, 2001-ci il yanvarın 17-də Avropa Şurası Nazirlər Komitəsinin nümayəndələr səviyyəsində keçirilmiş iclasında Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul edilib.