Üsyançılar Paşinyanın iqamətgahını qarət etdi
10-11-2020 13:34 / Bu xəbər 909 dəfə oxundu
Çərşənbə axşamı gecə radələrində nümayişçilər Ermənistan hökumətinin binasına və Nikol Paşinyanın iqamətgahına daxil olaraq oradakı dövlət simvollarını qarət ediblər.
10 noyabrda özünün "Feysbuk" hesabından açıqlama yayan Paşinyan iqamətgahındakı şəxsi əşyalarının da oğurlandığını bəyan edib.
Sosial şəbəkələrdə bir qrup adamın Paşinyanın evinə daxil olaraq oradan saat, ətir və baş nazirin xanımı Anna Akopyanın sürücülük vəsiqəsini götürməsini əks etdirən video yayılıb.
"Prezidentin iqamətgahından kompüter, saat, ətir, sürücülük vəsiqəsi və digər əşyalar oğurlanıb. Bütün bunlar, əlbəttə ki, "vətən naminə" edilib" - baş nazir açıqlamasında belə deyib.
Ermənistan mətbuatının yazdığına görə, bu gecə ölkə üçün üsyan gecəsi kimi yadda qalıb, hətta 2018-ci ilin inqilab aylarında bu cür gərginlik yaşanmayıb. Çox sayda insan küçələrə çıxaraq və parlament binasını işğal edərək baş nazirin istefasını tələb ediblər.
Ermənistandakı qarışıqlığın səbəbi noyabrın 10-da gecə radələrində Ermənistanın Azərbaycan və Rusiyayla Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə sülh müqaviləsi imzalamasıdır. Ermənistanda bir çoxları bunu təslimçilik müqaviləsi hesab edib.///toplum.tv












