Söyüdlüdəki qızıl mədəninin Azərbaycan hakimiyyəti ilə əlaqəsi
28-06-2023 00:13 / Bu xəbər 1601 dəfə oxundu
İyunun 20-də və ertəsi gün Gədəbəy rayonunun Söyüdlü kəndinin sakinləri qızıl mədənlərinin tullantıxanası kimi istifadə olunan ikinci gölün inşasına etiraz olaraq aksiya keçirib.
Polis zorakılığı ilə yatırılan aksiyanın təkcə iştirakçıları deyil, zorakılığa etiraz edən fəallar da həbs olunub. Elə jurnalistlər arasında da təzyiq görən, təhdid olunanlar var.
Azərbaycan hakimiyyətinə yaxın media, QHT nümayəndələri və tezislərlə danışan deputatlar hadisəni təxribat adlandırıb, xarici ölkə izi gəzdilər. Əslində isə bu, Söyüdlü sakinlərinin ilk narazılığı deyildi…
21 iyun 2023-cü il, Gədəbəyin Söyüdlü kəndində Çevik Polis Alayı
Mənbə: Ulviyyə Əli
2012-ci ildə gədəbəylilər kəndlərində çıxarılan qızılın onları yoxsullaşdırdıqlarını bildirirdilər. Onlar iddia edirdilər ki, sakinlərdən 95 nəfərin torpağı əlindən alınıb. 70 nəfəri aşağı məbləğdə kompensasiya ilə razılaşmağa məcbur ediblər.
İddiaya görə 54 hektar əhalinin mülkiyyətində olan torpaqları əllərindən zorla alınıb.
Bəs bu torpaqları hansı şirkətlər hakimiyyətin dəstəyi sayəsində sakinlərin əllərindən alırdı?
Azərbaycanda neft-qaz sahəsindən sonra ən çox kapital gətirən sahə qızıl, mis və gümüş ixracatı sektorudur.
Neft və qazda olduğu kimi bu sahənin də ixracatçısı Böyük Britaniyadır, yəni onun şirkətləridir. Bu şirkətlərdən biri isə "Anglo Asian Mining PLC” şirkətidir.
1997-ci ildə Azərbaycanın "Azərqızıl” Dövlət Şirkəti ilə ABŞ-ın "R.V. Investment Group Services LLC” şirkəti arasında Gədəbəy, Qoşa, Ordubad qrupu, Söyüdlü, Qızılbulaq və Vecnəli perspektiv qızıl filizi yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb.
Gədəbəy qızıl-mis layihəsinin gəlirdə payı 51 faiz olmaqla Azərbaycan hökuməti ilə birlikdə həyata keçirilir.
Payı 49 faiz olan "AIMCL” Şirkəti layihəyə rəhbərlik edir. Layihə çərçivəsində ilk zavod 2009-cu ildə Prezident İlham Əliyevin iştirakı ilə fəaliyyətə başlayıb.
Tarix 10 sentyabr 2013-cü il, İlham Əliyev Gədəbəydə "Azerbaijan International Mining Company Limited” ("AIMCL”) şirkətinin yeni zavodunun açılışında iştirak edib.
Zavodda saatda 100-150 ton filiz emal olunur. Köhnə zavodda filizin tərkibindən 70 faiz qızıl alınırdısa, yeni müəssisədə bu göstərici 85 faiz təşkil edir.
İlham Əliyev və Reza Vəziri 10 sentyabr 2013-cü il tarixində Gədəbəydəki zavodun açılışı zamanı
Mənbə: Azərtac
"AIMCL” şirkətinin öz saytında qeyd olunur ki, şirkət, "Anglo Asian Mining PLC”-nin (AAM) törəmə şirkətidir. "Anglo Asian Mining PLC” isə "R.V. Investment Group Services LLC” şirkətinin törəmə şirkətidir.
Bütün bu şirkətləri Mohammad Reza Vaziri adlı İran əsilli amerika vətəndaşı olan qızıl maqnatı idarə edir. Biznesmen həmçinin ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədridir, Birinci vitse-prezident Mehriban Əliyevanın əmisi Hafiz Paşayevin ən yaxın dostudur.
1995-ci ildə ABŞ-da Heydər Əliyev BMT-nin ilk iclasına qatıldığı zaman Reza Vaziri ilə tanış olur, o zamankı Azərbaycanın ABŞ-dakı səfiri, Birinci vitse-prezident Mehriban Əliyevanın əmisi Hafiz Paşayevin dəstəyi ilə ABŞ-Azərbaycan Ticarət Palatasının açılışı olur.
O, dəfələrlə ata Əliyevlə görüşüb.
2000-ci ildə Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının dördüncü illik görüşü zamanı eks prezident Heydər Əliyev və palatanın həmsədri Reza Vəziri Mənbə: USACC
"Anglo Asian Mining PLC” (AAM) şirkətinin 2007-2015-ci illərin hesabatlarına görə, Xəqani Bəşirov Reza Vəziridən sonra şirkətin ən böyük səhmdarı olub. Şirkətin 16%-12% səhmlərinə sahib olub. O, 2015-ci il may ayından sonra şirkəti tərk edib.
Xəqani Bəşirovun adını ictimaiyyət Beynəlxalq Bankdan 185 milyon manatın yoxa çıxması ilə tanıyıblar. Fransa vətəndaşı olan bu biznesmenin bir zamanlar Beynəlxalq Bankda xarici layihələrə rəhbərlik etdiyi iddia edilib. Bəşirov və Hacıyev hələ 1994-cü ildən dost olublar.
13 ildən sonra ilk dəfə Xəqani Bəşirov mediaya müsahibə verib.
O, "OpenDemocracy"a keçmişdə həbsdə olduğunu təsdiqləsə də, Azərbaycan hökuməti ilə əməkdaşlıq edərək bank aktivlərinin geri qaytarılmasına kömək etdiyini açıqlayıb.
"Mənim kriminal keçmişim hər yerdə təmizdir. Bu, asanlıqla sübuta yetirilə bilər”, – deyə o bildirib.
Solda azərbaycanlı biznesmen Xəqani Bəşirov və sağda iranlı biznesmen Reza Vəziri
Mənbə: Azadlıq Radiosu və İTV
Bəşirov eyni zamanda bildirib ki, bank aktivlərinin dövlətə qaytarılması üçün Azərbaycan hakimiyyət orqanları ilə əməkdaşlıq etdiyinə görə Cahangir Hacıyevlə münasibətləri korlanıb: "Münasibətlərimiz 2013-cü ilin əvvəlində pisləşməyə başladı və 2015-ci ilin noyabrında tamamilə sona çatdı. O, (Hacıyev- red.) mənə dedi ki, ona xəyanət etmişəm”.
Azərbaycan dövlətinə məxsus olan Azərbaycan Beynəlxalq Bankı (ABB) illərdir "Anglo Asian Mining PLC” şirkətinə milyonlarla manat kredit ayırır. Məsələn, bu il, yəni 2023-cü ildə Azərbaycanda qızıl hasilatçısı olan "AAM” şirkəti "ABB” ilə 55 milyonluq kredit müqaviləsi imzalayıb.
22 iyunda Londonda keçirdiyi illik hesabat yığıncağında, 2022-ci ili yaxşı başa vurduqlarını qeyd edən Reza Vəziri bildirib ki, keçən ilin iyulunda Azərbaycan hökuməti ilə bağlanılan pay bölgüsü haqqında sazişə dəyişikliklər edilib.
Dəyişikliyə əsasən şirkət yeni 3 ərazi (Xarxar, Dəmirli, Qaradağ) sahələri üzrə 5 illik müqavilə imzalayıb.
"84,7 milyon dollar gəlir və 7,5 milyon dollar vergidən əvvəl mənfəətlə yaxşı maliyyə göstəricilərinin hesabatını verdik. 31 dekabr 2022-ci il tarixində il ərzində 8,6 milyon ABŞ dolları dividendlər ödəməklə 20,4 milyon funt sterlinq nağd pula sahib olmuşuq” – deyə, Vəziri bildirib.
Bu Gədəbəydə yeganə qızıl mədəni deyil.
Çovdar kəndində də bu zavoddan biri daha var və vaxtiylə bu zavodu istismar edən şirkətin İlham Əliyevin qızlarına aid olması barədə sübutlar həm Azadlıq Radiosu, həm də OCCRP-nin araşdırmalarında öz əksini tapıb.
Müəllif: Həbib Müntəzir