Söyüdlüdəki zavodun quyularında sianid aşkarlandı
26-09-2023 16:44 / Bu xəbər 743 dəfə oxundu
Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış komissiyanın növbəti iclası başa çatıb.
İclas sentyabrın 26-ı Baş nazir Əli Əsədovun iştirakı ilə keçirilib.
Baş tutan iclas zamanı, kəndin su obyektlərindən sianidin aşkarlandığı açıqlanıb.
Böyük Britaniyanın "Micon” International Co Limited Şirkəti zavod ərazisində keçirdiyi monitorinqlərə dair hesabatda üç müşahidə quyusunun suyunda qeydə alınmış sianidin potensial risk kimi nəzərə alına biləcəyini bildirib.
Bundan əlavə, qeyd edilən zavodun fəaliyyətini mərhələli şəkildə bərpa etməsi üçün "Azərbaycan Beynəlxalq Mədən Şirkəti” tərəfindən yenidənqurma, modernləşdirilmə ilə bağlı icra qrafikinin hazırlanmalı olduğu diqqətə çatdırılıb.
İyunun 20-də Söyüdlü kəndinin sakinləri bölgədə qızıl hasilatı ilə əlaqəli sianid tərkibli zəhərli süni gölün yaradıldığını iddia edərək etiraz aksiyası keçirmişdilər.
Aksiyaya polisin müdaxiləsi nəticəsində 10-a yaxın yerli sakin xəsarət alsa da, bir qrup sakin barəsində isə inzibati qaydada həbs qərarı çıxarılıb.
Söyüdlü kəndi hazırda polis nəzarətindədir.