Söz və din azadlığının mental problemi

Söz və din azadlığının mental problemi

21-11-2020 19:27 / Bu xəbər 1388 dəfə oxundu

Hikmət Hacızadə, 
"FAR CENTRE" təşkilatının prezidenti
Azərbaycan

İslamafobiya haqqında...

Yaxud niyə hər kəs siyasi Islamdan bu qədər qorxur?

ABŞ-da İslam dinimizi təhqir edən filmlə bağlı dünyamiqyaslı qalmaqal və ölümlə nəticələnən münaqişələr yenə də qanunlarda təsbit olunmuş "şərəf və ləyaqət”lə "ifadə azadlığı” arasında olan problemi ortaya qoydu. Bu problemin geniş müzakirəyə ehtiyacını duyaraq oxucularla bəzi fikirlərimlə bölüşmək istəyirəm.

Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda özünüifadə azadlığı - söz azadlığı və din azadlığı sahəsində olan problemlər hələ də aktual olaraq qalır.

Ölkədə jurnalistlər hələ də dövlət və cəmiyyət tərəfindən öz peşəkar fəaliyyətlərinə görə təqib edilirlər. Ölkələrimizdə jurnalistlər hələ də həbsdədirlər. Bizdə ölkə liderlərinin və ya millətin təhqirinə görə hələ də arxaik qanunlar və məhkəmə qərarları tətbiq edilir, diffamasiya isə cinayət sayılır.

Ölkədə din dövlət senzurası altındadır, din əleyhinə çıxış edən adam isə insanlar tərəfindən repressiya oluna, hətta öldürülə bilər. Bu problemlər hələ də həllini tapmır, əksinə get-gedə dərinləşir. Söz və mətbuat azadlığı problemlərini iki hissəyə bölmək olar: "siyasi” və "mental”. Mən "siyasi” problemlər deyəndə demokratiya və ədalət uğrunda aparılan ictimai-siyasi proseslərin gedişatında ifşaedici məqalələrin, jurnalist araşdırmalarının çapı və digər bu kimi fəaliyyətlər zamanı ortaya çıxan söz azadlığı problemlərini nəzərdə tuturam.

Azad söz probleminin "mental” tərəfi deyəndə isə şərəf və ləyaqətin təhqir edilmsi, dini hisslərə və ya bir sıra milli müqəddəslərin təəssübkeşlərinin heysiyyatına toxunulması, eyni zamanda vətəndaşın şəxsi və ailə həyatına müdaxilə edilməsini nəzərdə tuturam.

Yuxarıda qeyd edilən məsələlər hazırda ölkəmizin qanunvericiliyində və ictimai rəyində müasir demokratik ölkələrdə olduğundan tamamilə fərqli şəkildə təsbit edilir.

Bizdə söz azadlığının "mental” çərçivəsi milli ənənələrə söykənir. Bu isə məşhur bir atalar sözündə çox yaxşı ifadə edilir: «xəncəl yarası sağalar, söz yarası sağalmaz.»

Demokratik hüquq standartı isə tamam başqa bir mənzərə sərgiləyir. Bu, mənzərə ingilis atalar sözündə belə ifadə olunur: "nə danışırsan danış, vecimə deyil, yalnız başıma daş atma” (Sticks and stones may break my bones but words will never hurt me).

XX yüz il sürəcində demokratik cəmiyyətlər bizə qəribə görünən və yaxud qəbuledilməz olan bir neçə yeni qayda yaratdılar. Məsələn:

- Məhkəmələr ictimai müzakirələr zamanı etik normaların pozulmasına dözümlü yanaşmağa başladılar; Ali Məhkələr qərara aldılar ki, demokratiya diskussiyasız mövcud ola bilməz, diskussiyalar isə nadir hallarda etika çərçivəsini aşmadan baş tuta bilir. Belə olduğu təqdirdə insanların susmağındansa, debatlarda dalaşmaqları daha yaxşıdır.

- milli müqəddəsləri və ya milli toxunulmazları (məsələn, prezidentləri) şübhə altına salmaq, hətta təhqir etmək, vətənə sədaqət andı içməkdən imtina etmək və ya rəsmi bayrağı yandırmaq hallarını milli xəyanət kimi dəyərləndirməkdən vaz keçildi.

- hakimiyyət təmsilçisini, tutaq ki, lap elə prezidentin özünü və ya istənilən ictimai fiquru təhqir etmək, sadə vətəndaşı təhqir etməkdən daha yüngül qanun çərçivəsinə salındı.

- ictimai simaların şəxsi həyatı qanun tərəfindən o qədər də güclü müdafiə edilmədi və ya demək olar ki, heç müdafiə edilmədi.

- dövlət sirlərinin açılmasına görə, bu məlumatları yayan jurnalistlər deyil, sirlərin məxfiliyi üçün rəsmi cavabdehliyi olan məmurlar məsuliyyət daşıdırlar.

Yuxarıda göstərilən qanunlar ictimai müzakirələri məhz həşəmətli siyasi-iqtisadi firoonların basqısından qorumaq üçün qəbul edildi. Bu kimi islahatlar müzakirələrdə firoonun və firoondan hesabatlılıq tələb edən sıravi vətəndaşın gerçək imkanlarını ortaya çıxarmaq üçün, ictimai nəzarətsiz hüquqi dövlətin mümkünsüz olduğu üçün, hakimiyyət üzərində ictimai nəzarətin daimi mövcudluğu üçün edildi.

Demokratik cəmiyyətlərin hər bir insan şüurunda olan avtoritarizmlə mübarizəsində əldə etdiyi bu möhtəşəm nailiyyət qan bahasına başa gəlmiş oldu. Lakin bu fövqəladə qazanc əldə edilə bildi, avtoritarizm məğlub oldu və bir daha həmin cəmiyyətlərə qayıda bilməz.

Nə qədər qeyri-ənənəvi və təhqiredici görünsə belə Azərbaycanın və Türkiyənin demokratları özlərində cəsarət tapıb yuxarıda sadalanan qanunları qəbul etməli və həyata keçirməlidirlər. Həmin qanunlar insanı zorakı ətrafdan qorumaqla yanaşı həmdə bütövlükdə ölkəni gücləndirir, ölkədə dinamik stabillik yaradır. Belə bir söz azadlığı ölkə üçün təhlükə deyil, əksinə milli təhlükəsizliyin alt yapılarından biridir.

Söz azadlığı

Ölkəmizdə dövri mətbuat və ədabiyyat çox az müddətdə azad olmuşdur. Hamıya məlumdur ki, Nəsimidən bu yana ifadə azadlığımız təpki altindadır:

- bu Azərbaycanda milləti və prezidenti təhqir etməyə görə repressiv qanunlar, məhkəmə qərarlrı, diffamasiyaya görə cinayətkar təqiblər mövcuddur. Media Hüquqları İnstitutunun (rəhbəri Rəşid Hacılıdır) məlumatına görə yalnız 2011-ci ildə 72 nəfər jurnalist 92 dəfə fiziki və ciddi psixoloji basqıya məruz qalmışdır. 2012-ci ilin birinci rübündə isə artıq üç yüzə qədər bu kimi təzyiq faktları qeydə alınmışdır.

Din azadlığı

Azərbaycanda müstəqilliyin hələ ilk dövrlərindən din azadlığının iki əsas problemi müşahidə olunmağa başladı: din azadlığı problemi və din ekstremizmi problemi. Təəssüf ki, bu gün din ekstrimizmi cəmiyyətimizin əsas problemlərindən birinə çevrilib. Opponentlərin öldürülməsi və təhdid edilməsi, təşkilatlanmış terrorçu fəaliyyət, əks fikrə qarşı ən cüzii dözümün belə olmaması, dialoqdan imtina – bütün bu kimi cəhətlər bu gün aktiv din ekstremistlərini xarakterizə edir. Hətta bu problemləri müzakirə etmək belə təhlükəyə çevrilib. Ekstremistlər sizi həmin an islam düşməni elan edə bilərlər. Bunun da nəticəsi çox fəlakətli ola bilər...

Kommunist sistemi dağıldıqdan sonra din yenidən geri qayıtdı və tezliklə cəmiyyətdə fəxri yerini tutdu. Lakin siyasi İslam elə ilk-əvvəldən və bu günə kimi təqib olumaqdadır. Elçibəy dönəmində məscidlər dindarlara qaytarıldı, müstəqil din icmaları, eləcə də Azərbaycan İslam Partiyası rəsmi qeydiyyata götürüldü. Lakin İran İslam inqilabi ideyalarının hədsiz geniş yayılması təhlükəsinin mövcudluğuna görə din liderlərinin parlamentə seçilməsini yasaq edən qanun qəbul olundu.

Heydər Əliyev islamçı siyasi fəallara qarşı artıq repressiyalara başlamışdı, İslam Partiyasının fəaliyyətinə yasaq qoymuş, liderlərini həbs etmişdi.

Ilham Əliyev isə artıq silahlı ekstremistlərlə toqquşmalı oldu və bu dövrdə nəzarətdən kənarda olan istər islam olsun, istər xristian olsun, istənilən müstəqil din fəallığı təqib olunmağa başladı.

Din terrorizmi ilə mübarizə bəhanəsi ilə yalnız Cümə Məscidi təmsilçiliyində islamçı demokratlar və Azərbaycan İslam Partiyasını deyil, ictimai təsirə heç bir iddiası olmayam dindar insanlar belə ölkəboyu təqib olundu. Din ədəbiyyatına senzura tətbiq edildi, müstəqil din icmaları qeydiyyatdan məhrum edildi, xaricdə din təhsili almış dindar liderlərin məscidlərdəki fəaliyyətinə yasaq qoyuldu. Ali və orta məktəblərdə hicaba qoyulan yasaq dindarlar arasında ciddi etiraza səbəb oldu (2010). Dindarların etirazlarına baxmayaraq Bakıda "Əbu Bəkir”, "Şəhidlər” məscidləri bağlandı, "İlahiyyat” və "Fatimeyi Zəhra” məscidilərinə ziyarət müvəqqəti olaraq dayandırıldı. Bir neçə məscid isə "qeyriqanuni tikili” bəhanəsi ilə söküldü. Bütün bu tədbirlər heç bir ictimai müzakirə olmadan, din icmaları ilə danışıqlar aparılmadan həyata keçirildi.

Bütün bunlar vətəndaşların hüquqlarını tapdalayır və nəticə hasil etmir. Lakin ali və orta məktəblərdə hicab problemi, pasporta hicablı şəkil çəkdirmək və digər mövzularda müzakirələr açmaq, dialoqlar təşkil etmək olardı. Belə bir dialoq cəmiyyətdəki gərginliyi aradan qaldırar, dindar vətəndaşların hüquq və ehtiyaclarını təmin edə bilərdi.

İndi bizim dövlət idarələrində Quran və din simvollarının olması yasaqlayiblar. Lakin ABŞ-da buna izin verilir və ABŞ müsəlmanları çalışdıqları yerlərdə Quran sərgiləyə bilərlər. Bütün bunlara baxmayaraq ABŞ-da din ekstrimizmi ilə mübarizə daha səmərəli aparılır.

Son 15 ildə 3000-ə yaxın insan din motivləri ilə ittiham edilmişdir. 2011-ci ilin mart ayında "Azərbaycan Hüquq müdafiəsi Mərkəzi” (sədr Eldar Zeynalov) qeyri hökumət təşkilatı son 6 ildə ittiham edilmiş müxtəlif qruplara aid - həm şiə, həm də vəhabi məzhəbinə mənsub - 220 nəfərin siyahısını açıqladı.

Din ekstrimizminin genişlənməsinin qarşısını almaq üçün hakimiyyət sınanmış köhnə üsuldan istifadə etdi: nəzarəti gücləndirdi, repressiyalar, qabaqlayıcı tədbirlər tətbiq etdi, lakin bu insanlarla dialoq, maarifləndirmə, dindarların problemlərinin müzakirəsi qətiyyən yada düşmədi.

İslamafobiya haqqında, yaxud niyə hər kəs siyasi İslamdan bu qədər qorxur

Maraqlıdır ki, bəzi dindar fəallar son repressiyalarda Azərbaycanın demokratik cameəsi tərəfindən lazımınca müdafiə edilmədiklərindən şikayət etdilər. Əslində demokratlar dini ekstremizmin miqyasından özlərini itirmişdilər. Bütün dünyada olduğu kimi bizim ölkədə də islamofobiya yayılır.

Dindarların konstitusion hüqularının pozulması qeyri qanunidir, qeyri demokratikdir və ictimai sabitliyi pozur. Lakin bütün problemlər sadəcə repressiyalarda deyil. Dərin problem ondadır ki, "islamçılar” – siyasi islamçı fəallar - respublika dəyərlərinə zidd olan təbliğat aparırlar. Və çox məyusedicidir ki, biz cəmiyyətdə mötədil müsəlmanla ekstrimist müsəlman arasında az fərq görürük. Çox təəssüf ki, ekstrimistlər öz opponentlərini təhdid edəndə və qətlə yetirəndə müsəlman demokratlar susur. Hətta bu gün mövcud rejimin repressiyaları altında belə siyasi islamçılar cəmiyyətdə yaratdıqları qəzet qalmaqalları, telefon təhdidləri, internet mesajları, qətllər, qorxutmaqla ölkədən qaçırmaq halları ilə xof yaradırlar. İnsanlar dinlə bağlı açıq danışmaqdan, fikrilərini ifadə etməkdən qorxmağa başlayıblar. Ali məktəblərdən birində tələbələr ateist olduğunu bəyan edən bir tələbə yoldaşlarından dekana şikayət ediblər.

Cəmiyyət də düşünür ki, işdir, islamçılar bu avtoritar rejimin təzyiqindən xilas olarlarsa onda nə baş verər? Bəziləri məhz belə fikirləşir ki, ən yaxşısı qoy islamçılar repressiya altında qalsınlar, belə halda bütün cəmiyyətimiz repressiya olunsa belə, biz buna dözərik, təki "talibanlar” gəlməsinlər.

Radikal islamçılar açıq-açığına məqsədlərinin Şəriət qanunları əsasında idarə edilən İslam dövləti olduğunu bəyan edirlər. Lakin biz hamımız anlamalıyıq ki, Şəriət prinsipləri respublika ideyası olan – "Bütün insanlar (kişilər və qadınlar və s...) azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar – ideyaya ziddir!

İnsanın toxunulmaz, ayrılmaz haqları var ki, bunu onun əlindən nə dövlət, nə cəmiyyət, nə də ümmət ala bilər. Şəriətdə müsəlmanın müsəlman olmayandan daha çox haqqı olması, kişinin qadından çox haqqı olması, kişinin qadını döyməsinin məqbul olması, dindən çıxan adamın öldürülməsinin haqq sayılması, İslam dəyərlərinin təhqir edilməsinə görə qətlin haqq sayılması – bütün bunlar respublika dəyərləri ilə ziddiyyət təşkil edir.

Dialoq zamanı dindarlara bu məsələni deyəndə deyirlər ki, qadını döymək olar, amma çox bərk yox və s. Bəs burada qadının şəxsi ləyaqəti necə oldu? Görünür bu məsələni onlar müzakirə etmirlər. Qadın döyüldüyünə görə özünü xöşbəxt saymalıdır ki, demək onun qayğısına qalan var.

Dindar radikallar məclisi istədikləri kimi idarə edirlər, müsəlman demokratlar isə susurlar. Jurnalist Rafiq Tağının ölümündə biz müsəlman fəalların mütləq çoxluğundan aydın bir etiraz eşitmədik.Ən qətiyyətli bəyanatı tanınmış müsəlman demokratı İlqar İbrahimoğlu (Cümə icmasının imam camaatı) "Bizim yol gəzeti”nə intervüsündə verərək dedi ki, "Bu qətl insaniyyətə, dövlətçiliyə və İslama qarşıdır”. Beləliklə, islamçıların mütləq çoxluğu susursa, ictimai şüurda mötədil və radikal müsəlmanlar eyniləşdirilir. İnsanlar belə düşünməyə başlamışlar ki, onların arasında elə bir fərq yoxdur, sadəcə radikallar daha açıq və səmimidirlər.

...Və əlbəttə, bütün dünyada arası kəsilməyən terror aktları da islamofobiyanın yayılmasında öz təsirini göstərir. Yalnız İsrail və onların müttəfiqləri partladılmır. Biz, islamçıların hər kəsi necə partlatdıqlarını görürük! Sünnülər şiələri, şiələr sufiləri, vəhhabilər isə hər kəsi ardarda.

Dindar fəallar hər yerdə, Avropada da, bizim ölkəmizdə də antiislam qanunvericiliyinə qarşı qəzəblə etiraz edirlər. Lakin bu kimi etirazlarla islamofobiyanı dayandırmaq mümkün deyil. İslamofobiya o vaxt bitəcək ki, mötədil müsəlman fəallar islam ektrizminə qarşı qətiyyətlə çıxış edəcəklər və dinimizi azadlıqla birləşdirə biləcəklər. Bəzi daşqa dinlərdə olduğu kimi, dini məhz azadlığla, dözümlülüklə - respublika dəyərləri ilə birləşdirəcəklər!

İstərdik ki, bütün problemləri hansısa bir mötəbər müsəlman şurası ilə müzakirə edək. Lakin belə bir şura yoxdur! İslamda başında papağ dayanan Roma katoliklərinin kilsəsi kimi həyatda demokratik islahatlar edəcək gücdə olan bir təsisat yoxdur.

Indiki vəziyyətdə bizə gözləmək və bir gün müsəlman demokratların dini eksterimizmi pisləyən və ortaçağ Şəriət qaydalarından imtina edən qətiyyətli və mötəbər bir icmasının peyda olacağına inanmaq düşür.

Yekun

- Göründüyü kimi, söz azadlığı problemləri yalnız hüquqi məsələ deyil, daha çox mental problemdir. Çünki axırda kağızda yazılmış qanun deyil toplum və hakimlər qərara alırlar ki, hansı sözə gərə kim və necə cəzalandırılmalıdır. Buna görə də, bizim intellektuallar və liberal demokrat çevrəmiz ciddi və israrlı əmək sərf edərək vətəndaşlara söz azadlığı sahəsində qeyri-ənənəvi tələblərin vacibliyini də izah etməlidirlər.

- Hakimiyyət "islam təhlükəsi” ilə yalnız repressiyalar və dindar çevrələrə sərt nəzarət tətbiq etməklə mübarizə etməyə cəhd edir. Belə bir strateqiya uğur gətirmir və gətirə də bilməz. Burada legitim demokratik hakimiyyət və dindar fəallarla geniş dialoq lazımdır.

- Ölkədə hazırda üstünlük təşkil edən dünyəvilik hərəkatı dindarlara qarşı şübhəli münasibətdən imtina etməli və dindarların etiqad və ibadət haqlarına insan haqları müstəvisindən yanaşmalıdırlar.

- Dindar icmalar respublika dəyərlərinin başlıca prinsipini - "Bütün insanlar (kişilər və qadınlar və s...) azad, ləyaqət və hüquqlarına görə bərabər doğulurlar” – qəbul etməlidirlər. OnlarBMT-nin İnsan Haqqları Deklarasiyalarını, Respublikamızın Konstitusiyasını qəbul etmək üçün özlərində güc tapmalıdırlar.

- Həqiqi və mötədil müsəlmanlar digər müsəlmanlar tərəfindən həyata keçirilən zorakılığı və ekstrimizmi, Quranda yetərli həddə mövcud olan dəlillərlə, fəal və açıq şəkildə pisləməlidirlər.

- son 20 ildə mediadan yox olmuş rasionalizm və elm təbliğatı əvvəlki səviyyəsinə qayıtmalıdır, yoxsa bizdə astronomiya yerinə astrologiya və çıldağ yayılır.

- Cəmiyyətdə "demokratik dövlətdə İslam” mövzusunda açıq, səmimi, hərdən emosianal və xoşagəlməz müzakirələr keçirilməli və bütün fəaliyyətlər bu müzakirədən başlamalıdır.

Mənbə: "Azadlıq" qəzeti" 
2012-ci il