“Tağı Əhmədova olan borcuma görə qohumları məni döyürdü”

“Tağı Əhmədova olan borcuma görə qohumları məni döyürdü”

19-11-2021 15:16 / Bu xəbər 287 dəfə oxundu

Bakı Metropoliteninin keçmiş rəisinə məxsus 2 milyon manatı mənimsəməkdə ittiham olunan şəxs məhkəmə qarşısında

"Bakı Metropoliteni” QSC-nin keçmiş rəisi Tağı Əhmədova məxsus 2 milyon manatı ələ keçirməkdə ittiham olunan Qulu Muxtarov, Səadət Xəlilov və Sahil Abuşovun məhkəməsi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində noyabrın 18-də keçirilən məhkəmə prosesində Səadət Xəlilov ifadə verib.

O bildirib ki, bu işdə zərərçəkmiş qismində tanınan Soltan Əliyev Tağı Əhmədovun dostudur: "Mən Soltan Əliyevi 20-25 ildi tanıyıram. 2016-cı ildə görüşəndə danışdım ki, mərmər işiylə məşğul oluram. Pul tapa bilsəm, daha yaxşı qazanc olar. Dedi ki, Tağıya deyərəm”.

Təqsirləndirilən şəxsin sözlərinə görə Tağı Əhmədov 1 milyon manata hər ay 10000 manatdan faiz ödəmək şərtilə pul verməyə razılaşıb. Lakin birinci dəfə 200 min verib. İkinci dəfə 1 milyon, üçüncü dəfə isə 800 min manatı sələmlə ondan götürüblər: "Birinci 200 mini alanda Tağı Əhmədov mənimlə söhbət elədi, danışığımızdan anladı ki, bu sahəni yaxşı bilirəm. Özünün də mərmər işiylə məşğul olan tanıdıqları vardı. Söhbətdən sonra dedi ki, 3 milyon verməyə hazırdı. Soltan Əliyevdən soruşdu ki, sən nə deyirsən. O da cavab verdi ki, mən lap 10 milyona da qarant dayanıram. 200 mini alandan bir müddət sonra Soltan Əliyev zəng elədi ki, üç sellofan götür, YAP-ın Yasamal təşkilatının yanına gəl. Getdim, yuxarı qalxdım, Tağı Əhmədov 1 milyon verdi”.

Səadət Xəlilovun sözlərinə görə, onlar İrandan mərmər daşlar alıb, Qazaxıstana göndərirdilər. Bir müddət sonra göndərilən malların pulunun ödənilməsində problemlər yaranıb. Bu üzdən onlar da Tağı Əhmədova faizləri ödəməkdə çətinlik çəkiblər. Bu üzdən tərəflər arasında mübahisələr olub. Səadət Xəlilov deyir ki, həmin vaxt Tağı Əhmədovun qohumları bir neçə dəfə onu döyüblər. Tağı Əhmədovun onunla görüşən qohumları arasında oğlu Ruslan Əhmədov da olub.

Daha sonra Xətai Rayon Məhkəməsinə Soltan Əliyevin adından mülki iddia verilib: "2 milyon əsas borcu, 1 milyon da faiz istəyirdilər. Tağı Əhmədova 234 min faiz pulu verilib, onu da çıxmırdı”.

Zərərçəkmiş Soltan Əliyev bildirib ki, o pul mənfəətdir və borcdan çıxılmamalıdır.

Səadət Xəlilov əlavə edib ki, Tağı Əhmədov 1 milyonu verəndə onun yanında qiymətli, sertifikatı olan qaş girov qoyulub.

Təqsirləndirilən şəxslərdən Səadət Xəlilov həbsdədir, Sahil Abuşov və Qulu Muxtarov barəsində isə polis nəzarətinə vermə qətimkan tədbiri seçilib. Onlar Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham olunur.///Meydan TV