Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

Taksilərlə bağlı reyd keçirilib: “Sürücü az qalır böyrəyində daş olmadığı barədə də arayış təqdim etsin”

17-05-2024 14:07 / Bu xəbər 652 dəfə oxundu

İqtisadçılar qərarları tənqid edir

Bakıda taksi sürücülərinə qarşı reyd keçirib.
 
Reydi Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) edib.

Bununla bağlı verilən açıqlamada bildirilir ki, məqsəd sürücülərin müvafiq icazələr əsasında fəaliyyət göstərməyə cəlb edilməsi, eləcə də bu barədə maarifləndirilməsidir.

Sosial şəbəkələrdə reydlə bağlı yayılan görüntülərdə tələb edilən sənədlərin çoxluğu müzakirəyə çevrilib.

Azərbaycanda bir müddət öncə izinsiz taksi fəaliyyəti ilə məşğul olanlara qarşı inzibati tənbeh tədbirləri həyata keçiriləcəyi ilə bağlı qərar qəbul edilib.

Yeni qaydaya görə, sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar icazə əsasında fəaliyyət göstərməlidir.

İqtisadçı Natiq Cəfərli deyir ki, yeni qərarlardan sonra Azərbaycanda taksi qiymətlərində artım olub. Bu, gözlənilən idi.

Onun sözlərinə görə, taksi xidmətinin qiymətləri iyunun 1-dən sonra daha da artacaq, ən ucuz gediş haqqının 4,5 manat olması gözlənilir: "Belə çıxır ki, hökumətin məqsədi ancaq qiymət artımı idi, çünki, keyfiyyət artmayıb, arta da bilməzdi, çünki eyni avtomobillər, amma daha az sayda taksi xidməti göstərir. İqtisadiyyatın "qızıl qanunu” işə düşür – təklif azalır, tələb yerində qalır, nəticədə qiymətlər yüksəlir”.

İqtisadçı bildirir ki, bu addımların hər hansı məntiqi izahı da yoxdur: "Deyim ki, hökumət və ya məmurlar bundan əlavə pul qazanırlar – tam da elə deyil, bu sahə hələ də ən az inhisarlaşan sahədir, yaxşı bəs bu israr nədən qaynaqlanır? COP29 tədbirindənmi? Düşünülməmiş qərarvermə mexanizmlərinin sistemdə əsas davranış qaydası olmasındanmı?”.

Natiq Cəfərli bildirir ki, əslində suallar çoxdur, sadəcə cavab verən yoxdur. Əziyyəti isə sadə vətəndaş çəkir: "Sürücü az qalır böyrəyində, sidik kisəsində daş olmadığı barədə də arayış təqdim etsin ki, taksi sürə bilsin. Aşırı tənzimləmə Avropada iqtisadiyyatı çökdürmək üzrədir, indi eyni yanaşmanı Azərbaycana da tədbiq edirlər, yəni heç dərs çıxarmırlar…”.

Başqa bir iqtisadçı Toğrul Vəliyev isə özünün "Telegram” kanalında yazıb ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin reydlə bağlı məlumatından Azərbaycanda yeni qeyri-qanuni fəaliyyət növünün yarandığı anlaşılır. Sanki taksi sürücüləri qeyri-qanuni işlə məşğuldur: "Yəni rəsmi saytda verilən bu xəbəri başqa cür izah etmək çətindir. Reyd hansısa qayda-qanun pozuntusuna qarşı və ya mətndə qeyd olunan maarifləndirmə məqsədilə keçirilə bilər. Hansısa fəaliyyət sahəsində məşğul olan şəxslərə qarşı keçirildiyi halda, bu, o deməkdir ki, müvafiq sahə də qeyri-qanunidir”.

Məlumatda həmçinin, bildirilir ki, ümumilikdə 150-dən artıq sürücü ilə maarifləndirici söhbət aparılıb və onlara qanunvericiliyin tələbləri izah edilib. Qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan bir neçə taksi sürücüsü cərimələnib.

Yeni qaydalara görə, minik avtomobilləri ilə sərnişindaşımalarla məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar müvafiq icazələr əsasında fəaliyyət göstərməlidirlər. 

Bunun üçün buraxılış vəsiqəsi və buraxılış kartı alınmalıdır. İstehsal tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri kimi istifadə edilə bilməz.

Taksi fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq tələbləri ödəyən sürücülər 2024-cü ilin iyul ayının 1-nə qədər AYNA-ya müraciət edərək buraxılış ilindən 15 il keçməyən nəqliyyat vasitələrinə buraxılış kartı ala bilərlər. 

2024-cü ilin iyul ayının 1-dən sonra buraxılış kartı almaq üçün avtomobillərin yaşı 8 ildən çox olmamalıdır.(Meydan TV)