Taleh Bağırzadənin səhhəti ilə bağlı açıqlama

Taleh Bağırzadənin səhhəti ilə bağlı açıqlama

19-06-2022 20:32 / Bu xəbər 1260 dəfə oxundu

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadənin səhhəti ilə bağlı açıqlama yayıb.

Bu barədə Arqument.az-a "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin rəhbəri Fikrət Cəfərli məlumat verib. 

"15 gündür ki, cəza çəkdiyi Qobustan Qapalı Həbsxanasında aclıq aksiyası keçirən Müsəlman Birliyi Hərəkatının sədri, siyasi məhbus Tale Bağırzadənin səhhəti pisləşib və hətta kritiq həddə çatıb. Hökumət hələ də işgəncələr fonunda polislər tərəfindən Allahın təhqir olunmasına etiraz edən, onların cəzalandırılmasını tələb edən Taleh Bağırzadə və onun tərəfdarlarının keçirdiyi aclığq aksiyalarını görməzdən gəlir", - deyə açıqlamada bildirilir. 

"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" hesab edirik ki, hökumət Konstitusiyanın 47, 48-ci və dövlətin qoşulduğu digər beynəlxalq sənədlərdən doğan hüquqlarını tanımalı, vətəndaşların etiraz tələblərinə hörmətlə yanaşmalıdır: "Mərkəz olaraq, hökümətdən tələb edirik, Taleh Bağırzadə və onun tərəfdarlarının haqlı etiraz tələbini dinləməli və bir mənalı olaraq yerinə yetirməlidir".

Müsəlman Birliyi Hərəkatının sədri, Qobustanda  həbsxanada olan Taleh Bağırzadə 3 iyundan aclıq aksiyasına başlayıb. 

Bu barədə hərəkatın feysbuk səhifəsində məlumat yayılıb. 

Hərəkat rəhbəri bildirib ki, son dövrlər polis idarələrində vətəndaşlara verilən işgəncələr zamanı Allah söyülür, təhqir edilir. Bu səbəbdən də aclıq aksiyasına başlayıb. 

T.Bağırzadə bəyan edib ki, bu cür insidentlər zamanı Dövlət Təhlükəsizlik Xidmətinin adı hallanır və əməlin iştirakçıları cəzalanana qədər aksiyanı davam etdirəcək.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. 

Ona qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. 

İlahiyyatçı 2017-ci ilin yanvarında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 19 il müddətinə azadlıqdan məhrum edilib. 

Məhkəmə hökmünə görə, həbsinin ilk 7 ilini Qobustan Qapalı Həbsxanasında çəkməlidir.