Taleh Bağırzadənin həbs müddəti artırıldı

Taleh Bağırzadənin həbs müddəti artırıldı

13-02-2018 15:45 / Bu xəbər 227 dəfə oxundu

Fevralın 13-də Qaradağ rayon Məhkəməsində "Müsəlman Birliyi” Hərəkatının sədri, Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Taleh Bağırzadə barəsində başlanılan yeni cinayət işi üzrə məhkəmə iclası tamamlanıb.

Hakim Rufan Mürsəlovun sədrlik etdiyi iclasda T.Bağızadə son sözlə çıxış edərək ittihamın saxta olduğunu deyib. Müşavirədən sonra hökm elan edilib. T. Bağırzadə 5 ay müddətinə azadlıqdan məhrum edilib.

T.Bağırzadə bu dəfə CM-nin 317-2.1 (cəzaçəkmə müəssisəsi və ya istintaq təcridxanasında saxlanılan şəxsin qadağan olunmuş əşya hazırlaması, daşınması və ya istifadəsi) maddəsi ilə təqsirli bilinib.

Yeni hökmə əsasən, T.Bağırzadənin 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilərək, ona 18 il həbs verilib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd "microSD” tipli yaddaş kartları aşkar edilib.

T.Bağırzadə 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyatda həbs olunub. İkisi polis olmaqla, altı nəfərin həlak olduğu həmin əməliyyat nəticəsində ilahiyyatçı ilə yanaşı, daha 16 nəfər saxlanılıb.

Nardaranda və ondan öncə ilahiyyatçı Elçin Qasımovun həbsinə görə Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə ümumilikdə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Ağır maddələrlə təqsirləndirilənlərin işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. T.Bağırzadə və daha 17 nəfərin işinə birlikdə baxılıb. T.Bağırzadə, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 17 ilədək həbs cəzası verilib.

Hər biri 12 nəfərdən ibarət digər iki qrupun, o cümlədən ilahiyyatçılar Zülfüqar Mikayılov, Elçin Qasımov, Elman Ağayevin məhkəməsi bir müddət öncə yekunlaşıb. Onlara 13 ildən 16 ilədək həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Meydan Tv