Tallin müzakirələri başa çatdı

Tallin müzakirələri başa çatdı

27-10-2017 15:33 / Bu xəbər 2107 dəfə oxundu

Avropa Birliyinin Estoniyanın paytaxtı Tallində keçirdiyi «İnsanlara real nəticələr: «Şərq tərəfdaşlığı» 2020-ci ildə və sonra necə olacaq?» mövzusunda konfransı bu gün, oktyabrın 27-s başa çatıb.

Üç gün ərzində Azərbaycan, Gürcüstan, Ukrayna, Moldova, Belarus və Ermənistan QHT-lərinin 100-dən çox təmsilçisi əldə etdikləri uğurları, təcrübəni paylaşıblar. Problemləri müzakirə ediblər. «Şərq Tərəfdaşlığı» ölkələrində vətəndaş cəmiyyətinin inkişafında zəruri addımlarla bağlı müzakirələr aparıblar.

İştirakçılar vurğulayıblar ki, Gürcüstan, Ukrayna və Moldovada qeyri-hökumət sektoru inkişaf edib və bununla bağlı avrointeqrasiyaya tam hazırdırlar.

Ermənistanda vətəndaş cəmiyyəti ilə bağlı durum da qənaətbəxş sayılıb. Amma Azərbaycan və Belarusda QHT-lərin durumu mənfi dəyərləndirilib.

Qonşuluğun genişləndirilməsi siyasəti üzrə Avropa komissarı Johannes Hahn Avropa Birliyinin Azərbaycanın vətəndaş cəmiyyətinə dəstək olmaq istədiyini, amma qanunvericilik məhdudiyyəti olduğunu bildirib.

Azərbaycanın QHT təmsilçiləri də müzakirə çərçivəsində vurğulayıblar ki, öyünməyə ciddi bir şey yoxdur. Bununla birgə, onlar konfrans təşkilatçılarını Bakı təmsilçilərini panellərdə çıxış edən təmsilçilər siyahısına salmadıqlarına görə tənqid ediblər.

Reportyorların Azadlıq və Təhlükəsizliyi İnstitutunun başçısı Emin Hüseynov bildirib ki, Azərbaycandan başqa bütün ölkələrin təmsilçiləri çıxışçılar siyahısında yer alıblar.

Hüquq müdafiəçisi Anar Məmmədli isə deyib ki, Azərbaycanda vətəndaş cəmiyyəti «iflic» halındadır. A.Məmmədli «Şərq Tərəfdaşlığı»nı regionda ən əlverişli trend adlandırıb, amma Azərbaycanın bundan kənarda qaldığını vurğulayıb.

«Azərbaycan hakimiyyəti QHT-lərə münasibətdə bütün qanunverici məhdudiyyətləri aradan qaldırmalıdır. Avrointeqrasiya məsələsində Azərbaycan hakimiyyəti energetika çərçivəsindən o yana keçmək istəmir»,- A.Məmmədli bildirib.

Əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Hazırda Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlıq sazişi ətrafında danışıqlar gedir.