"Tarix təkrar olundu" - Arif Hacılı

04-08-2017 17:35 / Bu xəbər 1423 dəfə oxundu

"Nəriman Nərimanov 1920 ilin 28 aprel günü bəyanat vermişdi ki, Xalq Cümhuriyyəti hökumətinin nümayəndələri ölkədən tonlarla qızıl çıxarıb. Bunu bir həftə müddətinə sübüt edəcəklərmiş. Yüz il keçib Nərimanovun həftəsi tamam olmayıb".

Arqument.Az xəbər verir ki, bunu Müsavat Partiyasının başqanı Arif Hacılı Ümumdünya Qızıl Şurasının ( World Gold Council) Azərbaycanla bağlı açıqlamasını şərh edərkən deyib. 

Beynəlxalq təşkilatın açıqlamasında deyilir ki, Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb. Belə ki, Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb. 

Müsavat başqanı beynəlxalq təşkilatın açıqlamasına istinad edərək hakimiyyəti ölkənin "Qızıl Fondu”nu satmaqda günahlandırıb və kəskin tənqid edib. 

"Tarix təkrar olundu. 1993- cü ildə qiyam yolu ilə hakimiyyətə gələnlər bizim hökumətimizin ölkədən valyuta, qızıl çıxardığını iddia etdi. O dövrün baş prokuroru Əli Ömərov mahiyyəti anlamadan 500 milyard rəqəmini işlətmişdi. Uzun müddət araşdırdılar. 1 sent də oğurlanmamışdı, Elçibəy hökuməti tərəfindən yaradılmış Ləl Cəvahirat fondu da yerində idi. Bu fondu da dağıtdılar, ölkəyə daxil olan 140 milyard neft gəlirlərini də havaya sovurdular. İndi də məlum olur ki, qızıl fondunu satıblar. Nərimanovun, Əli Ömərovun dedikləri kimi sübutunu gözləmək də lazım gəlmir. Ümumdünya Qızıl Şurası ( World Gold Council) elan edib", - Arif Hacılı qeyd edib.

Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. 

ARDNF-dın reporta verilən məlumata görə, alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil edib: "Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".

Məsud 
Arqument.Az