Tarixi bina ilə bağlı Mehriban Əliyevaya müraciət olundu

Tarixi bina ilə bağlı Mehriban Əliyevaya müraciət olundu

07-05-2019 00:01 / Bu xəbər 238 dəfə oxundu

Gənclərdən ibarət təşəbbüs qrupu memarlıq abidəsinin sökülməməsi üçün ölkə rəhbərliyinə üz tutub

"Salaam Cinema Baku” klubunun yerləşdiyi binanın sökülməsinə qarşı çıxan gənclərdən ibarət təşəbbüs qrupu Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya açıq məktub yazıb.

Məktubda vitse-prezidentin və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dünyanın müxtəlif ölkələrindəki tarixi memarlıq abidələrinə ayırdığı xüsusi diqqətdən danışılır, bu, Azərbaycanın dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyası kimi qiymətləndirilir.

Daha sonra isə deyilir:

"Hörmətli Mehriban xanım, Sizə Bakı şəhərinin Süleyman Rüstəm, 10 ünvanına yerləşən binadan bəhs etmək istəyirik.

Olduqca maraqlı fasadı olan boz binanın qarşısından keçəndə istər-istəməz onun taleyi və tarixi haqqında düşüncələrə dalırıq. Sakinlərə həmişə maraqlı olub - binanın içində nə var, orada nələr baş verir?! Bina öz qeyri-adi memarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir. O, ərazidəki digər binalara qətiyyən bənzəmir; hətta fərqli memarlıq üslublarını və istiqamətlərini özündə birləşdirən Bakı üçün belə, onun görünüşü kifayət qədər qeyri-adidir. Binanı hər hansı memarlıq üslubuna aid etmək çətindir. O, özlüyündə eklektisizmi və minimalistik həcmi birləşdirir, keçdiyi dövrlər və yaşanan illər da binaya təsirsiz ötüşməyib. Alçaq pilləli pilləkənlər bizi giriş qapısına aparır, binanın bütün varlığı sirli ruhla, tədricən müasir dünyanı tərk edən tarixi zərifliklə hopdurulub. Uzun müddət binanın funksiyası barədə xəbər verən yeganə işarə divardakı səsgücləndirici olub – burada uzun zaman radiostansiya fəaliyyət göstərib. Amma sonradan məlum olur ki, binanın tarixi daha əvvələ gedir.

Bu bina 1913-cü ildə, əslən molokan olan Skobelevin təşəbbüsü ilə molokanların dua evi kimi inşa edilib. Məqsədi bütün molokanları bir məkanda birləşdirmək olub. İnqilabdan əvvəl Bakıda yaşayan bütün molokanlar molokan icmasının həyatında fəal iştirak ediblər. Onlar daima dua evində keçirilən yığıncaqlarda toplaşıb və bütün dini bayramları mütləq şəkildə qeyd ediblər.

Sovet dövründə din qadağan edilir və bir çox dini məkan ya tamamilə sökülür, ya da bu yerlər digər məqsədlər üçün istifadə edilir. Dua evi də həmçinin. Sovet vaxtı dua evi artıq radio-yayım binası kimi istifadə edilməyə başlanır və artıq buradan dini yox, daha çox cəmiyyətin sosial-siyasi məsələlərinin sədası gəlir.

Azərbaycanda radio 6 noyabr 1926-cı ildə yaradılıb və bu bina radio-yayım evi kimi istifadə edilib. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə "Danışır Bakı!” ifadəsi ətrafa yayılıb. Radioya təkcə Bakıda deyil, ətraf yaşayış məntəqələrində də qulaq asa bilirdilər. Bu hadisə Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yeniliyə çevrilib. Radionun yaratdığı publisistik və ədəbi dram verilişləri Azərbaycan dilinin qorunmasında və onun inkişaf etdirilməsində böyük rol oynayıb.

Binanın müstəqillik dövründəki tarixi və təyinatı hələ də aydın deyil. Məlum olan odur ki, binada müxtəlif ofislər fəaliyyət göstərib, sonradan praktiki olaraq boş qalıb, tədricən bina baxımsız hala gəlib.

Bu yaxınlarda isə Bakının yaradıcı gəncliyi binaya yeni nəfəs vermək qərarına gəlib. 2019-cu ilin fevralında mədəni təşəbbüskarların əməyi ilə burada yeni yaradıcı platforma – "Salaam Cinema” meydana çıxıb. Hal-hazırda burada kino nümayişləri, sərgilər və təlimlər keçirilir, maraqlı müzakirələr aparılır.

Bina özündə tolerantlığı və ölkədə mövcud olan mədəni ənənələri birləşdirən tariximizin bir parçasıdır. Bakı gənclərinin bu tarixi binaya yeni təyinat qazandırması, işlək hala salması şəhər üçün yeni imkanlar açır və bu tarixi binanın qorunub saxlanmasını vacib edir. Şəhərimizə hər gün çoxsaylı turistlərin gəldiyi bir vaxtda bu bina şəhər tarixinin vacib simvoluna çevrilir və şəhər gənclərinə həyatın nəbzini tutmağa kömək edir.

Hazırda bizə verilən məlumatlara görə, bina şəxsi mülkiyyətdir və bu, onun qorunub-saxlanılması məsələsini sual altında qoyur. Artıq bir neçə dəfə binanın daxildən hissə-hissə dağıdılması üçün cəhdlər baş tutmuşdur. Bu binadan aktiv şəkildə istifadə edən, tədbirlərdə iştirak edən ictimaiyyət nümayəndələri, qonşular və şəhərimizin çoxsaylı sakinləri binanın tarixi abidə siyahısına salınmasında və ictimai rolunun təyin edilməsində maraqlı və israrlıdırlar”.

Məktubda daha sonra deyilir ki, binanın sahibkarı tərəfindən onlara 15 iyuna qədər möhlət verilməsinə rəğmən, mayın 6-da heç bir sənəd təqdim etmədən binanın qəzalı vəziyyətdə olması əsas gətirilərək, fiziki zorakılıq tətbiq edərək, binadan məcburi çıxarılmaları üçün cəhdlər göstərilib:

"Biz isə buranı tərk etdiyimiz təqdirdə binanın söküləcəyindən narahat olduğumuz üçün binanın qorunmasına dair rəsmi qərar verilməsini gözləyirik.

Hazırda incəsənətlə yaxından maraqlanan ictimaiyyət nümayəndələri binaya tarixi abidə statusunun verilməsi və onun söküntüdən qorunması məqsədilə müxtəlif instansiyalara müraciətlər yazmaqdadırlar.

Səsimizin rəsmilər tərəfindən eşidiləcəyinə ümid edirik.

Lakin biz qorxuruq ki, müraciətlərimizin müvafiq qurumlar tərəfindən araşdırıldığı müddətdə binada artıq söküntü işləri icra olunsun və bu tarixi bina yoxa çıxsın.

Azərbaycan Respublikasının Konstitusiyasının 77-ci "Tarix və mədəniyyət abidələrinin qorunması” maddəsinə əsasən, tarix və mədəniyyət abidələrini qorumaq hər bir şəxsin borcudur. Biz də bu binanın tarixi və memarlıq abidələri siyahısına salınmasını və ictimai rolunun təyin edilməsini özümüzün vətəndaş borcu kimi qəbul edirik.

Düşnürük ki, yuxarıda qeyd olunan keyfiyyətlərinə görə, keçmiş molokan məbədi "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında

Azərbaycan Respublikası Qanunu”nun 2-ci maddəsində təsvir olunduğu kimi, həm memarlıq (memarlıq abidələri — öz həcm-plan həllini kifayət qədər saxlayan qurmalar, müxtəlif təyinatlı memarlıq-inşaat binaları, yeni yaranmış memarlıq abidələri), həm də tarixi abidə (tarix abidələri — cəmiyyət və dövlət tarixi ilə, müharibə və milli azadlıq hərəkatı ilə, elm və texnikanın inkişafı ilə xalqın həyatındakı mühüm tarixi hadisələrlə bağlı dəyərlər) kimi dövlət qeydiyyatına alınmalıdır.

Hörmətli Mehriban xanım, bizə verilən məlumatlara görə, bina şəxsi mülkiyyətdir və tarixi abidələr siyahısında deyil. Əgər bina tarixi abidələr siyahısına salınarsa, bu zaman mülkiyyətində və ya istifadəsində abidələr olan fiziki və ya hüquqi şəxs abidənin qorunması, tədqiqi və onlardan istifadə edilməsi qaydalarına ciddi əməl etməli olacaq. Eyni zamanda, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla həmin abidənin qorunmasına dair mühafizə müqaviləsi bağlayacaq və həmin abidənin salamatlığına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyacaq.

Hörmətli Mehriban xanım, tarix və mədəniyyət abidələri xalqımızın milli sərvətidir. Adıçəkilən tarixi və mədəniyyət abidəsinin qorunmasına yardım etməyinizi və abidədən səmərəli istifadə üçün şərait yaratmağınızı Sizdən xahiş edirik”.

meydan.tv