Tarixi yaddaşımdan gələcək üçün qeydlər – Elşən Gəncəvi

Tarixi yaddaşımdan gələcək üçün qeydlər – Elşən Gəncəvi

05-12-2020 16:36 / Bu xəbər 1187 dəfə oxundu

Müəllif: Elşən Gəncəvi
 
Gələcək üçün faydalı olmaq, nümunələr yaratmaq və sağlam fikirlər inşa etməliyik. Tarix bizim səsimizi gələcək üçün yaddaşlara həkk edəcək.

2015 – TƏHSİL SEÇİM EDİR!

Mən, Nəcəfov Elşən Hökumət oğlu 16 noyabr 1985-ci ildə Cəbrayıl rayonunun Süleymanlı kəndində dünyaya gəlmişəm. Cəbrayıl rayonu işğal olunanda mənim 8 yaşım var idi. Cəbrayıl rayonunu tərk etdiyim gün mənim yaddaşıma xüsusi həkk olunub. Gələcək həyatımı məhz bu yaddaşın təməlində qurmuşam!

Təhsilimi, fəaliyyətimi, şəxsi keyfiyyətlərimin inkişafını və uğurlarımı məhz bu yaddaşın üzərində formalaşdırmışam!

Biz bilirik ki, məhz əsl güc və qüdrət yüksək keyfiyyətli təhsildədir. Məhz təhsili yüksək keyfiyyətə malik olan dövlətlər bu gün dünyada söz sahibidir. Vətən sevgisinin və təhsilin insana verdiyi gücü və qüdrəti insanlara təqdim etmək lazımdır.

2020 – SƏSİMİZ TARİXDİR!

Mən, Cəbrayıl rayonunun Süleymanlı kəndindən ailəmlə birlikdə məcburi köçkün olmuşam. Ancaq, bu məni heç vaxt durdurmayıb. Hər zaman inanmışam ki, qələbənin bir yolu var – güclü olmaq, inanmaq, daim öz üzərində çalışmaq!

Məcburi köçkün olmağım mənə ali təhsil almağa, təhsilimi xaricdə davam etdirməyə, öz işimi qurmağa, uğurlu olmağa daim güc verib.

"Şəraiti olanlardan daha çox çalışmalıyam!” – Həyat şüarım, güc mənbəyim olub.

Azərbaycan dövlətçiliyi və Azərbaycan xalqıtarixdir. Tariximizi öyrənib, gələcəyimizi qorumalıyıq. Biz, Azərbaycanımızın inkişafında iştirakçı olmalıyıq. Tarix yazmaq üçün inkişaf etməliyik. İnsanlarımızı birlikdə inkişaf yolunda sərnişin olmağa və tarix yazmağa dəvət etməliyik.

"Gəncəvi” təxəllüsü

Hər bir insanın formalaşmasının əsasında bir və ya bir neçə tarixi şəxsiyyət nümunəsi olur. Mənim isə özümə bildiyim nümunə dahi şair, müdrik filosof Nizami Gəncəvidir. Gəncəvi ləqəbini Nizami Gəncəvini və onun öz əsərlərində insanlara çatdırmaq istədiyi fikirləri həyatda və dünyada yaşatmaq üçün götürmüşəm. 2003-cü ildə universitetə daxil olduqdan sonra istədim ki, məni tanıyan insanlar Gəncəvi olaraq tanısınlar. Nə qədərinə nail olduğumu isə gələcək göstərəcək. Azərbaycan cəmiyyətində mən məhz internet vasitəsi ilə Gəncəvi kimi tanındım, dünyada da nail oldum. Xaricdə təhsil aldığım zaman və ya konfranslarda iştirak etdiyim zaman bir çoxları məndən bu sualı soruşur, Gəncəvi təxəllüsünü araşdırırdı. Bir növ ictimai əlaqələrə işləyən mexanizmdir. Xarici vətəndaşlara Nizami Gəncəvi və onun irsi haqqında məlumat vermək bir qürur hissidir. "Gəncəvi 870” məqaləni hazırlayanda isə, Gəncəvi təxəllüsünə sahibləndiyimi anladım. Bu günümüzdə Gəncəvi təxəllüsü ilə bir çox mövzularda məqalə yazmağım mənim şəxsi tanıtımımda böyük bir rol oynayır.
Sonda:

İstənilən prosesin iştirakçısı olmaq səni var edir. "Var olmaq” anlayışı bizim addımlarımızı daha məsuliyyətli edir. Gələcək üçün təşəbbüslərimizi gizlətməməliyik. İnsanlar bizim kim olduğumuzu bilməlidir. Nümunə yaratmaq və faydalı olmaq yaşadığımız həyatın missiyasıdır.

Var olmağımız tarixdir. Gələcək üçün, Azərbaycanımız üçün var olaq!

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.