Taxıl Fondunun rəisi təqaüdə göndərilib - Dövlət Ehtiyatları Agentliyi nə işlə məşğuldur?

Taxıl Fondunun rəisi təqaüdə göndərilib - Dövlət Ehtiyatları Agentliyi nə işlə məşğuldur?

09-07-2022 01:47 / Bu xəbər 579 dəfə oxundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov təqaüdə göndərilib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Ehtiyatları Agentliyinin sərəncamına verilən Fondun strukturunda Zülfüqar Məmmədov yer almayıb. 

Belə ki, bir müddət əvvəl Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinin sədri Səbuhi Sadıqovun müvafiq əmri ilə qurumun tabeçiliyində olan Dövlət Taxıl Fondunun rəisi vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. 

Ötən ilin oktyabrın 7-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla yaradılmış Dövlət Ehtiyatları Agentliyində bir sıra təyinatlar olsa da, bu barədə ictimaiyyətə hər hansısa bir məlumat verilməyib. 

Hazırda agentliyin sədr müavinlərinin Zaur və Hidayət adlı şəxlərin olduğu deyilir. 

Ölkədə ərzaq və strateji ərzaq mallarının günü-gündən artan qiymətləri ilə bağlı da sözügedən qurumla əlaqə saxlamaq cəhdlərimiz boşa çıxıb. Belə ki, bir sıra dövlət qurumlarının birləşməsi ilə 10 ay əvvəl yaradılan Dövlət Ehtiyatları Agentliyinin nə rəsmi dövlət portalı var, nə də ki əlaqə nömrəsi hər hansısa bir ünvanda qeyd edilməyib. 

Bu qurumun mövcudluğu ilə bağlı bir sıra dövlət qurumların rəsmi şəxslərinin açıqlamasına rast gəlmək mümkündür.

KOBİA sədrinin müşaviri Zaur Qardaşov bu ilin yanvar ayında Dövlət Ehtiyatlar Agentliyi bazarda qiymət dalğalanmalarının qarşısını alacağı ilə bağlı anonsunu da vermişdi. 

Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, nə bu qurumun mövcudluğuna, nə də ki qiymət dalğalanmalarının qarşısını almağa çalışması ilə bağlı hər hansı bir məlumata rast gəlinmir.