TƏBİB Kəmaləddin Heydərovun dediklərini yalanladı

TƏBİB Kəmaləddin Heydərovun dediklərini yalanladı

25-04-2021 02:07 / Bu xəbər 2479 dəfə oxundu

"TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb”

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-nin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi, ötən gün saxlanılan İmran Ağayevin həbsinə münasibət bildirib.

K.Heydərov unikal.org-a açıqlamasında İmran Ağayevin FHN-nin əməkdaşı olmadığını deyib: "O, bizim işçimiz deyil. Həbs edilən baş həkim və əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyib. Bizdə pul nə gəzir ki, onları maliyyələşdirək? Həmin Modul Tipli Hospitalı dövlət maliyyələşdirir”.

Nazir korrupsiya ilə bağlı da fikirlərini bildiib: "Korrupsiya elə bir şeydir ki, gənc, yaşlı tanımır. Kimin qanında varsa, o işlə məşğul olur”.

TƏBİB isə nazirin söylədiklərini təkzib edib. 

Qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir: "Bəzi kütləvi informasiya vasitələrində yer alan məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "Zığ” Modul Tipli Hospitalının həbs olunan baş həkimi İmran Ağayev və digər əməkdaşları TƏBİB-lə müqavilə əsasında işləyiblər. Birmənalı şəkildə bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir. TƏBİB ilə Fövqəladə Hallar Nazirliyi və ya onun xəstəxanası arasında hər hansı müqavilə bağlanmayıb. Hospital FHN-nin Tibb Xidməti nəzdində fəaliyyət göstərir və TƏBİB tərəfindən həmin hospitalın baş həkim və əməkdaşlarının fəaliyyətinə bu və ya digər formada müdaxilə və ya nəzarətdən söhbət gedə bilməz”.

Məlumatda o da deyilir ki, TƏBİB olaraq dəfələrlə ictimaiyyətə hər hansı neqativ hallarla rastlaşdıqda hüquq-mühafizə orqanlarına məlumat vermələri barədə müraciət ediblər: "Bundan başqa, fəaliyyətində nöqsanlara yol verən tibb işçilərinin ifşası istiqamətində tərəfimizdən də indiyədək müəyyən tədbirlər görülüb. Nöqsanlara yol verən, qanunsuz əməllərlə məşğul olanlar tutduğu vəzifədən uzaqlaşdırılıb, bir çox tibb müəssisəsinin rəhbəri dəyişdirilib. Bundan sonra da TƏBİB tərəfindən bu istiqamətdə ciddi mübarizə aparılacaq, kimliyindən asılı olmayaraq neqativ hallara yol verən şəxslərə qarşı hüquq-mühafizə orqanları ilə birlikdə müvafiq tədbirlər görüləcək”.

İ.Ağayev Fövqəladə Hallar nazirinin müavini, general-leytinant Faiq Tağızadənin bacısı oğludur. Ötən ay xəstəxananın bir qrup işçisi əməkhaqlarının verilməməsi və işdən çıxarıldıqları üçün tibb müəssisəsinin qarşısında etiraz aksiyası keçirib. Xəstə yaxınları bildiriblər ki, son bir neçə ayda xəstəxanaya xəstə qəbulu 900-2000 manat arasında olub.