"Tədbirlər Planı" və "çiçəklənən" korrupsiya...

05-05-2020 21:05 / Bu xəbər 1268 dəfə oxundu

Problemlər gizli imkanlardır və ya pandemiya zamanı dövlət nə etməli?..

Cəmiyyətlər, səlahiyyətli qurumların böhranı qabaqcadan görə biləcəyi, bunun öhdəsindən gələcəyi və sonradan sabitliyi bərpa edə biləcəyinə inamı əsasında yaşayır və çiçəklənir. Və koronavirus pandemiyası başa çatdıqdan sonra bir çox ölkələrdə vətəndaşlar tərəfindən həmin qurumlara hökm oxunacaq: "Siz bacarmadınız". 

Henri Kissincer

II yazı 


Pandemiya, bir çox dövlətlərin o, cümlədən Azərbaycanın iqtisadi və sosial xarakterli çoxsaylı zəif tərəflərini "çılpağlığı” ilə ortaya qoydu, "yalançı” statistika və "pripiska” da ifşa edildi. Buna baxmayaraq hər bir böhran, hər bir problem öz-özlüyündə gizli imkandır. Acı həqiqətləri etiraf etmək isə həm də problemlərdən çıxış yolunu göstərən bir mayakdır. 
 
Son günlər hakimiyyət, yuxarı səviyyədə artıq etiraf edir ki, yoxsul və işsizlərin sayı rəsmi statistikada qeyd olunan kimi deyil. Buraya ölkə başçısına rəqəmlərin düzgün təqdim olunmaması və işsizliyə görə birdəfəlik müavinət alan şəxslərin sayının artırılması kimi halların da daxil olduğu deyilir. Artıq bunun etiraf olunması da müsbət haldır. Zaman-zaman yazılsa və deyilsə də, əvvəllər bunlar açıqlanmır, təkzib edilir, informasiyalar gizlədilirdi, amma indi özləri ifadə edirlər. 

Onu da deyim ki, qanunların tətbiqi səviyyəsi şəxslərdən asılı olaraq dəyişir və insan hüquq və azadlıqları sahəsində kifayət qədər problem var: insanların siyasi baxışlarına görə həbs edilməsi, "bazar iqtisadiyyat”ı qanunlarının hamı üçün eyni işləməməsi, bir çox məmurlar "öz yerlərində” olmaması, korrupsiya hallarının hakimiyyətin yuxarı eşelonlarını belə "çiçəkləndirməsi”, rayon başçısının qeyd olunan mənimsəmə halları və digər səbəblərə görə həbs edilməsi, yerli və mərkəzi hakimiyyət orqanlarında korrupsiya hallarına dair prezindentə siqnalların ötürülməsi barədə deyilənlər və s...

Bu işlərin "əmması" isə odur ki, Azərbaycan hökuməti də pandemiyanın yaratdığı problemlərin (həm əhali, həm də biznes üçün) aradan qaldırılması məqsədilə "antiböran” planını təsdiq edib və icrasına başladığını bəyan edib. "Tədbirlər Planı"nın təsdiq olunmasının düz 1 ay tamamında əminliklə söyləmək olar ki, dövlətin bu istiqamətdə apardığı siyasət yaranmış vəziyyətə adekvat olmayıb, təqdim olunan yardımlar və görülən işlər nə əhatəlidir, nə də ki, əlçatan. Bir sözlə, 15 gün fikirləşilən, bəh-bəhlə ortalığa gətirilən "Tədbirlər Planı"nın özü və icra mexanizmləri fiaskoya uğrayıb. Öncə niyəsini qısa olaraq sadalayım, sonra isə vacib görülməli işləri nəzərdən keçirək: 

Sosial paket üzrə: 

• Rəsmi statistikada işsizlərin sayı 249.000 nəfər qeyd olunsa da, əslində, məşqul şəxslərin sayının süni artırılması "passiv” sahibkarların və pay torpağı mülkiyyətçilərin (sadəcə VÖEN və mülkiyyətində torpaq olduğuna görə) hesabına baş verib. Kobud hesablamalara görə (dövlət orqanları rəsmi informasiya sorğularına cavab belə verməyiblər) ölkədə 1,7 – 2,1 mln işsiz olduğu halda birdəfəlik müavinətin əhatəsi 600 000 nəfərlə kifayətlənib (600 000 işsizin haradan "peyda” olması barədə heç bir rəsmi açıqlama verilməyib və Tədbirlər Planının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin 04 aprel tarixli qərarına, müavinət alacaq işsizlərin sayının artırılması barədə hər hansı bir düzəliş edilməyib) və müavinətin alınması üçün müraciətmə müddəti, əvvəlcədən elan edilmədən əsassız olaraq 27 apreldə dayandırılıb.

• İşsizliyə görə birdəfəlik müavinətin alınması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə (ƏƏSMN) onlayn və 142 çağırış mərkəzi vasitəsilə 3 milyondan çox insan müraciət edib. Müraciətlərin əksəriyyətinə "İnzibati icraaat haqqında” və "Məşğulluq haqqında” Qanunlara, Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 saylı qərarına zidd (imtinanın əsası kimi bir neçə səbəbin qeyd olunduğu maddənin tətbiqi, müraciət edənin və ya həyat yoldaşının mülkiyyətində (istifadəsində) daşınar və daşınmaz əmlakın olması, aztəminatlı meyara uyğun gəlməməsi) və absurd (subay olduğu halda həyat yoldaşının "ayağına” əmlakın yazılması, vəfat edən həyat yoldaşının qüvvədə olan əmək müqaviləsi, mövcud olmayan əmlakların "peyda” olması) imtinalar verilib. 

• ƏƏSMN rəsmiləri indəyənədək izah verməyiblər ki, "Məşğulluq haqqında” Qanunun və Nazirlər Kabinetinin 07 aprel 2020-ci il tarixli, 127 saylı qərarının təsiri altına düşən 600 001-ci, 600 002-ci, 600 003-cü insanımızın taleyi necə olacaq? Artıq insanlar fikirləşirlər ki, 600 000 nəfər "başı bəlalı” müavinəti aldığı halda, onlara niyə verilmir? Görünür ki, bu halda ƏƏSMN-nin "nə az olsun, nə çox olsun, əsas say düz olsun” prinsipi işə düşür. Sanki nazirlik işsizliyə görə birdəfəlik müavinəti subyektə görə deyil, saya görə təyin edir. Sivil cəmiyyətdə "vəhşi" Qərbin "kim birinci gəldi” prinsipi deyil, "bərabərlik prinsipi" rəhbər tutulmalı və narahat edilən suallara rəsmilər tərəfindən cavab verilməlidir. Əfsuslar olsun ki, nazirliyin bu funksiyasını istəmədən sosial şəbəkələrdə ayrı-ayrı "hüquqşünas” qrupları üzərinə götürüb. 

• "Tədbirlər Planı"na əsasən, 600 000 nəfər işsizə 2 ay ərzində yaşayış minimumu həcmində - 190 manat birdəfəlik müavinətin verilməsi nəzərdə tutulub. "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında” Qanuna görə 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, pensiyaçılar üçün 157 manat, uşaqlar üçün 170 manat məbləğində müəyyən edilib. Hökumət müavinətin məbləğini yaşayış minimumu ilə ödəyirsə, işsiz kimi qeydə alınan şəxs əmək qabiliyyətli hesab olunduğundan ona ölkə üzrə yaşayış minimumu ilə deyil məhz əmək qabiliyyətli əhali üçün nəzərdə tutulan 201 manat məbləğində müavinət ödənilməlidir. Rəsmilər bilmirlərsə, deyim:  11 manat orta Azərbaycan ailəsinin təxminən 1 aylıq işıq və ya qaz puludur. 

• Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin rəsmi açıqladığı məlumata görə, bu ilin aprel ayı üzrə 82 300 ailəyə (340 000 nəfər) ünvanlı dövlət sosial yardımı (ÜDSY) ayrılıb. Yardımın məbləği ehtiyac meyarı ilə hesablanır və 2020-ci il üçün bu 160 manatdır (yaşayış minimumundan aşağı məbləğ). Hər il hesablanıb təsdiq olunan  yaşayış minimumu olduğu halda yardımın ehtiyac meyarı ilə təyin edilməsi adekvat deyil. Yaşayış minimumun adından da görünür ki, bu minumum məbləğdir, yəni bu məbləğlə insan aclıqdan və susuzluqdan ölməz, soyuqdan donmaz. Hesab edirəm ki, ünvanlı dövlət sosial yardımının təyin edilərkən hər il üçün qanunvericiliklə müəyyən olunan yaşayış minimumu nəzərdə tutulmalıdır.
 
• Dövlət proqramına əsasən ünvanlı dövlət sosial yardımın təyinatının sadələşdirilməsi nəzərdə tutulub və bunula da etiraf edilib ki, bu prosedur sadə insanlar üçün indiyənədək çox qəliz olub. Əlbəttə ki, belə qəliz prosedurlar olan yerdə korrupsiya da çiçəklənir. Məsələ o, yerə çatıb ki, sosial yarıdmı alanlara hətta 5-10 il bundan əvvəl cehiz əşya kimi gətirilən soyuducu, televizor, kondisioner belə "qəbahət” hesab olunaraq yardımın verilməsindən imtina olunurdu. ÜDSY alanlar dəfələrlə mətbuatda bəyan ediblər ki, buna qədər bu yardımı almaq üçün bir çox hallarda "6 ayı mənim, 6 ayı sənin” kimi bir "işlək mexanizm” mövcud olub. 

• Hökümətin addımlarından biri də əhaliyə güzəşli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılması olub.  «Azərişıq» ASC-nin elektrik enerjisinin tarifinin artırılmasına dair Tarif Şurasına 2016-cı ilin noyabr ayında etdiyi müraciətində qeyd edilib ki, əhali abonentlərinin 72%-nin aylıq istehlak həcmi 250 kilovat-saatdan azdır (tariffcouncil.gov.az/?/az/news/view/145/). Demək, işıq limitinin 2 ay ərzində 100 kvts. həcmində artırılması ölkə əhalisinin 72%-nə ümumiyyətlə aidiyyatı yoxdur, əhalinin 28%-i isə 2 ay ərzində cəmi 8 manat qənaət edəcək.

• "Antiböhran” planını tərkib hissəsinin biri də 50 min haqqı ödənilən ictimai iş yerinin yaradılmasıdır. İlk baxışdan gözəl təklif kimi görünür. Amma ümid edək ki, DTX-nin növbəti əməliyyatlarından sonra ictimai işlərdə "çalışanların” əməkhaqqı kartları icra başçılarının və vəzifəli şəxslərin  ciblərindən çıxmasın.

• "Tədbirlər Planı" çərçivəsində sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi qaydaları açıqlanandan sonra bir məhşur lətifə yadıma düşdü: "denən day paraşüt vermirəm də”. 

Nizami Bağırov

Ardı var