"Təəssüf ki, bizim futbolçularımızda bu təcrübə yoxdur" - Canni De Byazi

30-03-2021 00:56 / Bu xəbər 4848 dəfə oxundu

"İki səfər matçından sonra sabah Bakıda ilk oyunumuza çıxacağıq. Ötən iki görüşdə bəzi keyfiyyətlərimizi göstərə bildik. Çatışmayan cəhətlərimiz var. Bunları yaxşılaşdırmalıyıq".

Qaynarinfo xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiya millisini qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi deyib.

O bildirib ki, Serbiya millisi fiziki və texniki cəhətdən güclü komandadır: "Heyətində yer alan futbolçuların 95 faizi ölkə xaricində oynayır. Böyük təcrübələri var. Sabah güclü komandaya qarşı oynayacağıq. Təəssüf ki, bizim oyunçularımızda bu təcrübə yoxdur. Bu da iki komanda arasında fərq yaradır. Hamımızın məqsədi qələbə qazanmaq və azarkeşləri sevindirməkdir. Bizi ağır oyun gözləyir".

Azərbaycan-Serbiya oyunu martın 30-da Bakı Olimpiya Stadionunda keçiriləcək. 

Seçmə mərhələnin "A” qrupunda Azərbaycan, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq komandaları mübarizə aparır.