Təhsil İdarəsi vəfat edən işçisinin ailəsinə çatacaq vəsaiti ödəmir
30-09-2023 02:15 / Bu xəbər 1186 dəfə oxundu
Vəfat edən şəxsin oğlu: "6 aydır məni aldadırlar ki, gələn ay pul veriləcək"
Astaranın Ərçivan kənd sakini Xaliq Məmmədzadə atasının ölümündən sonra ailəyə çatacaq vəsaiti Lənkəran Regional Təhsil İdarəsindən ala bilmir.
O bildirir ki, atası Vaqif Məmmədov uzun illər Astara rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri işləyib.
O, bu ilin aprelin 3-də vəfat edib.
Atası vəfat edəndən sonra ailəyə onun maaşının 3 misli qədər vəsait birdəfəlik ödənilməli idi, amma apreldən bu günə kimi ailə 2.010 manat pulu ala bilmir.
"Altı aydır ki, pulu ödəmirlər. Lənkəran Regional Təhsil İdarəsi deyir ki, maliyyə şöbəsinə yönləndirmişik, buna şöbə baxır. Altı aydır məni aldadırlar ki, gələn ay pul veriləcək", - Xaliq Məmmədzadə deyir.
Elm və Təhsil Nazirliyi sorğumuza cavab olaraq bildirib ki, Lənkəran Regional Təhsil İdarəsi yaxın zamanda Vaqif Məmmədovun ailəsinə bu müavinəti ödəyəcək.