Təhsilli, yoxsa diplomlu gənclər?!

Təhsilli, yoxsa diplomlu gənclər?!

14-07-2018 19:11 / Bu xəbər 3005 dəfə oxundu

Günel Şükürova

Azərbaycanda təhsilin rutin halını aldığı zamana gəlmişik. Bunun isə həm müsbət, həm də mənfi təsirləri var. Müsbət təsirlərini daha çox qızların həyatında müşahidə etmək mümkündür. 

Sevindirici haldır kı, əvvəllər qızlar üçün təhsilin lazımsız olduğunu iddia edən valideynlərin sayı zamanla azalmaqdadır. İndi bir çox valideynlər övladları üçün cinsiyyətindən asılı olmadan təhsil almaq imkanı yaradırlar. Bu yolda valideynlərin artan mənəvi və maddi dəstəkləri danılmazdır. Lakin, görəsən, doğrudanmı, təhsil almaq vacibiyyəti valideynlər və övladları tərəfindən şüurlu dərk edilərək qavranılır və həyata keçirilir? Yoxsa sayılıb-seçilən universitetdən diplom almaq da mı artıq cah-cəlallı toy etmək kimi bir trendə çevrilib cəmiyyətdə?

Bu yaxınlarda olduğum qohum məclisində məktəb illərindən bəri təhsilə qarşı elə də həvəs və məsuliyyətlə yanaşmayan bir gənc qızın magistraturaya qəbul olması xəbərini aldım. Düzü, bilmədim ki, hələ də mühafizəkar bir ailəsi olduğu halda evlənməyə məcbur edilməyib də təhsilini davam etdirməsinə icazə verildiyinə sevinim, yoxsa sırf məcburi evlilikdən yayınmaq üçün davam etdirmək istəmədiyi təhsilə həvəssizcəsinə (bəlkə də, bu dəfə nisbətən məcburi həvəslə) üz tutmağınamı kədərlənim?

Günümüzdə ali məktəbə qəbul olmayan abituriyentlərə olan psixoloji basqılardan hər birimizin xəbəri var. Məhz həmin psixoloji basqılar yenicə həyatda addımlamağa başlayan fərdləri şikəst edirlər. Bununla da onlar ya intihara üz tuturlar, ya cinayətə, ya da istəmədikləri həyatları ömürləri boyu yaşamağa... Ali məktəbin bakalavr dərəcəsinə qəbul olan tələbələrin çiyinlərində isə artıq başqa yüklər yaranır. 

Universitetə topladığı bala uyğun qəbul olduğu ixtisasla bağlı nəinki xəyalları, heç təsəvvürləri belə olmayan tələbələr məzun olduqdan sonra iqtisadi bazarda rəqabətcil olmaq üçün magistratura təhsilinə üz tuturlar. Bir çoxu isə sırf "qonşudan geri qalma" prinsipi ilə özləri və valideynləri tərəfindən bu yola sürüklənirlər. Çox təəssüflər olsun ku, məcburi ailə qurmamaq, rayona və ya ölkəyə qayıtmamaq üçün və digər səbəblərə görə doktorantura təhsilinəcən gedib çıxanlar da var. Ölkədə bu qədər təhsilli gənclərin olması sevindirici haldır. Bəs onlar, doğrudanmı, təhsillidirlər? Yoxsa, sadəcə, diplomludurlarmı?

Düşünürəm ki, insan ömrü körpəlik, bağça dövrü, tam orta məktəb, bakalavr, magistratura, doktorantura (bəlkə), işləmək, ailə qurmaq, övlad dünyaya gətirmək, valideynlərdən görülən qanun və qadağaları övladlara təbliğ etmək və öz həyatlarını övladlarına "copy-paste" edib sonunda ölmək kimi monoton və qəlibləşmiş vərdişlərdən ibarət olmamalıdır. 

İnsanların qarşısında valideynləri və cəmiyyətin digər fərdləri tərəfindən formalaşdırılan deyil də, özlərinin yaradıb can atdıqları və çatmağa çalışdıqları hədəf və məqsədləri olmalıdır. Yetkin bir fərd üçün təhsilini davam etdirib-etdirməmək qərarı özündən asılı olmalıdır. Baxmayaraq ki, həmişə valideynlərin övladların təhsilində böyük rol oynadığını, onları təhsilə yönləndirməli və bu yolda onları həvəsləndirməli olduqlarını düşünüb dəstəkləmişəm, bunun məcbur diktə edilməsinə də bir o qədər qarşı olmuşam. İnsan təhsil almağın nə demək olduğunu və niyə vacib olduğunu özü dərk etməlidir və təhsilini kor-koranə deyil, istəyərək və əminliklə davam etdirməlidir. 

Hər kəs həkim, müəllim, hüquqşünas, iqtisadçı və ya digər ali peşə sahibləri olacaq deyə qayda yoxdur. Məhz bu peşələrə məcburən yönləndirilən yeniyetmələrə (daha doğrusu, onların inadkar və eqoist valideynlərinə) görə indi ölkədə həmin sahələr üzrə ixtisaslaşmış peşəkar kadrlar azlıq, nə istədiklərini bilməyən bədbin və ümidsiz gənclər də çoxluq təşkil edirlər. 

Valideynlər əvvəlcə onu anlamalıdırlar kı, rəssamlıq, heykəltaraşlıq, bəstəkarlıq, yazıçılıq və digər bacarıqları olan şəxslər də ali təhsilli ola bilərlər. Bunun üçün mütləq tibb, hüquq və ya iqtisadiyyat oxumaq lazım deyil. Övladlarının maraqları və qabiliyyətləri olan sahələrdə ixtisaslaşıb təhsil almalarına kömək etməlidirlər. Bax o zaman həm xoşbəxt və qərarlı gənclər, həm də savadlı və peşəkar kadrlar yetişəcək ölkəmizdə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.