Təkər gətirənlər yenə gömrüyün önünə toplaşdı

Təkər gətirənlər yenə gömrüyün önünə toplaşdı

17-01-2018 17:00 / Bu xəbər 2727 dəfə oxundu

Ölkəyə xarici ölkələrdən işlənmiş avtomobil şinləri (təkərləri) gətirən şəxslər yanvarın 17-də yenidən Dövlət Gömrük Komitəsinin binası önünə toplaşıblar.

Onlar yenə bildiriblər ki, ölkəyə gətirilən köhnə şinlərə görə gömrük rüsumu 3 dəfə qaldırılıb. İş adamları vurğulayıblar ki, bu, bizneslərini tam səmərəsiz hala gətirib. Demələrinə görə, bəzilərinin köhnə şinlərlə dolu konteynerləri gömrükdə qalıb.

Adının çəkilməsini istəməyən şəxslərdən biri deyib: "Bu gün Prezident Administrasiyasının qarşısında da olduq, amma bizlərlə maraqlanan belə olmadı. Odur ki, yenə də Komitənin önündə toplanmağa qərar verdik".

Sahibkarlar yanvarın 15-də də Prezident Administrasiyasının qarşısına toplaşmışdılar. Onda onları qəbul edən olsa da, görüşdən razı qalmamışdılar.

Ölkəyə şin gətirən sahibkarlar bundan öncə də Dövlət Gömrük Komitəsinin (DSK) önündə aksiya keçiriblər.

Bu dəfə Komitədən ölkəyə şin gətirənləri qəbul edən olmayıb. Amma Komitənin binasından çıxaraq özünü təqdim etməyən bir şəxs iş adamlarına bir qədər sonra gəlmələrini tövsiyə edib. O vurğulayıb ki, şin gətirənlərə «söz» deyiləcək.

DSK mətbuat xidməti bir neçə gün öncə bu məsələ ilə bağlı məlumat yaymışdı. Həmin açıqlamaya görə də, Nazirlər Kabinetinin ötən il noyabrın 17-də verdiyi 500 saylı qərarla bu il yanvar ayının 1-dən etibarən ölkəyə gətirilən bərpa edilmiş şinlərə (işlənmiş təkər) yeni gömrük rüsumları tətbiq edilib.

«Gömrük rüsumlarının dəyişdirilməsi barədə qərarın verilmə tarixi ilə qüvvəyə minəcəyi tarix arasındakı müddət kifayət qədər olub və üstəlik, bu barədə ictimaiyyətə ətraflı məlumat verilib. Lakin bu sahədə fəaliyyət göstərən, bərpa edilmiş şinləri xaricdən gətirərək ölkə daxilində onların satışını həyata keçirən bir qrup şəxs bir sıra dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin inzibati binasının qarşısına toplaşıblar. Onlar qanunvericilikdə edilən dəyişikliklə razılaşmadıqlarını, təkidlə idxal gömrük rüsumlarının əvvəlki qaydada hesablanmasını tələb ediblər», – məlumatda vurğulanır.

Dövlət Gömrük Komitəsi bildirirdi ki, idxal edilən bərpa edilmiş şinlərə tətbiq olunan gömrük rüsumu mövcud normativ-hüquqi aktlara əsasən yeni qaydalarla hesablanır.

Nazirlər Kabineti 2017-ci il noyabrın 17-də «Azərbaycanın xarici iqtisadi fəaliyyətinin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri»nin təsdiq edilməsi haqqında qərar verib.

Qərarla xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, habelə idxal və ixrac gömrük rüsumlarının dərəcələri təsdiqlənib.

Qərara görə, minik avtomobilləri, avtobus və yük maşınlarından ötrü bərpa edilmiş bir ədəd şinə 10 dollar, hava gəmilərində istifadə edilən şinlərlə bağlı isə 5 dollar rüsum müəyyən edildiyi bildirilir. Buna, üstəlik, əlavə dəyər vergisinin (ƏDV) də əlavə edildiyi deyilir. 

AzadliqRadiosu