Tenderləri udan şirkətin 920 781 manat vergi borcu var

Tenderləri udan şirkətin 920 781 manat vergi borcu var

03-09-2019 16:48 / Bu xəbər 1214 dəfə oxundu

Ölkədən qanunsuz olaraq yüz minlərlə dolları çıxaran şirkətə dövlət vəsaitləri etibar olunub.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tədbirlərin təşkilinə dair dövlət satınalmalarının qaliblərinin adlarını açıqlayıb. 

Onların arasında ölkədən qanunsuz olaraq 630 min dollar çıxaran şirkət də var.

Dövlət Satınalmaları Reyestrinin məlumatına əsasən, sentyabrın 2-də AQUPDK dörd şirkətlə ümumilikdə 833,6 min manatlıq (490 min dollar) on müqavilə bağlayıb. 

Bu müqavilələrdən dördü açıq tenderin nəticələrinə görə "MADERIN-AA" MMC-ə (VÖEN: 7100345951) verilib. 

Bu müqavilələrin ümumi dəyəri 322,2 min manatdır ($189,5 min).

Bu ilin mart ayında Sumqayıt Apelyasiya Məhkəməsi bank əməliyyatları vasitəsilə ölkədən 629 697 dolların çıxarılması ilə bağlı inzibati xəta barədə protokolların tərtibatı faktına dair "MADERIN-AA" MMC-nin şikayətinin təmin edilməməsi ilə bağlı yekun qərar çıxarıb.

Bu faktlar üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası "MADERIN-AA" MMC-ə qarşı çıxarılan vəsaitlərin 20% qədərində inzibati cərimə tətbiq etmişdi.

"MADERIN-AA" şirkəti 2017-ci ilin noyabrın 20-də Siyazən şəhərində təsis edilib. 

Şirkətin direktoru Zaur Nəsrəddin oğlu Əliyevdir, 

O, həmin tarixdə təsis edilmiş daha dörd şirkətə ("Aypeks-TT" MMC, "Dalğa-LM" MMC, "Anako-Ltd" MMC, "ANTIK İNŞAAT" MMC) rəhbərlik edir.
 
"MADERIN-AA" MMC-nin tenderə buraxılması faktının özü belə qanunvericiliyə ziddir. Belə ki, bu şirkətin dövlət büdcəsinə ödənilməmiş borcunun məbləği 127613 manat 60 qəpikdir.

 
Turan İA-nin araşdırmasına əsasən, AQUPDK üçün tədbirlərin təşkilinə dair tenderlərin digər qalibləri də ("Neptun TT" MMC, "Uğur Servis-H" MMC və "Rubicon Dizayn" MMC) şübhəli mənşəlidir.

Digər "qalib" - "Uğur Servis-H" MMC-nin də 212 591 manat vergi borcu var.
 

"Rubicon-Dizayn" MMC-nin vergi borcu isə ağlasığmaz qədər böyükdür - 920 781 manat!


(TURAN İA)