Tərlan Əbilov - 54 yaşın şeiri

Tərlan Əbilov - 54 yaşın şeiri

22-07-2022 01:43 / Bu xəbər 1014 dəfə oxundu

Arqument.az şair Tərlan Əbilovun "54 yaşın şeiri"ni təqdim edir: 

Ad günüm ildə bir şeir yazmaqla keçir,
O da ürəyimin qanını içir.
Sən də axtarmırsan, sormursan bir yol,
Bilim yaşamışam bir il də sənli,
Bilim öz səsimə hayana gedim.

O dəniz dalğalı xatirələrin
Dönüb qağayı ağzında balığa indi... 
Qocalmışam, əvvəlki deyiləm, daha
Qollarımdan çıxmır avar qayığa indi. 

Vaxt qaralayıbdı məndə özünü, 
Xətti çox pisdi zamanın, 
üzümdən sevgi oxunmur...
Məni sevən dişi hörümçək ölüb, 
Bir küncdə adıma tor da toxunmur...

Qəzalı evimin qürub vaxtıyam, 
Ömrümün o biri üzündə qalıb Ayın yarısı... 
Mənə qabırğamdan Həvva çıxmadı,
Ona cənnətdən buğda oğurlayım, 
mənimlə qarısın...

Saat əqrəbinə bağlanan ömrüm,
Sürüyür ardıyca məni, şeirimi. 
Sən qeybə çıxandan nəinki özüm, 
Heç yerdə, heç yerdə sözüm də yerimir... 

Bu ad günü deyil, ölən günümdü, 
Evimdən başıma daş düşürəm, daş...
Atmaq istəyirəm özümü məndən, - 
Ay mənim ömrümü sürən, sən Allah, 
Bu ömrü azcana yavaş sür, yavaş!

Yoxam hisslərinin xəritəsində, 
Təqvimdə adıma bir gün qalmayıb. 
O qədər içimdə düyün düşmüşəm, 
Çölümdə düşməyə düyün qalmayıb... 

Kimdi məni adam yerinə qoyan? 
Hamı sən deyil ki, mənə ürəyi yana... 
Göndər əllərini tutub yaxamı 
silkələyim
Bəlkə bəxtim oyana!

Yoxam hökumətin siyahısında, 
Allahın göyünün altında yoxam;
Adıma heç yerdə ömür tapılmır, 
Adıma heç yerdə ölüm tapılmır. 
Yerdənmi çıxmışam, 
Göydənmi düşmüşəm? 
Heç herdə heç kimə bu boyda zülüm tapılmır. 
Axsayan ayağam, əsən əsayam, 
Bəlkə bu çarmıxa çəkilən də yerimə başqası deyil, 
Mənəm mən - Məryəmin oğlu İsayam...