“Tərtər hadisələri”ni araşdıran aparıcıya hökm oxundu

“Tərtər hadisələri”ni araşdıran aparıcıya hökm oxundu

14-07-2022 02:21 / Bu xəbər 871 dəfə oxundu

Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib

"Bakı Birlik Təşkilatı” İctimai Birliyinin sədri, "Youtube”dakı "KimTV” kanalının aparıcısı Abid Qafarov 1 il azadlıqdan məhrum edilib. 

İyulun 13-də Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyilə çıxarılan hökmə əsasən, Abid Qafarov Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib. 

Hər bir maddə üzrə ona 6 ay həbs cəzası təyin edilib.

Abid Qafarova qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıran 7 nəfər müharibə veteranından 4-ü sonradan şikayətini geri götürüb. 

Digərləri isə ərizədə iddia edib ki, Abid Qafarov qaziləri təhqir edib, onları "müti” adlandırıb.

Abid Qafarov isə bu iddianı əsassız sayır. 

O, həbsindən öncə məhkəmənin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib ki, çıxışında qaziləri təhqir etməyib, kimsənin adını çəkməyib. 

Əksinə, müharibə iştirakçılarının hüquqlarının pozulmamasıyla bağlı istəyini dilə gətirib. 

O hesab edir ki, Tərtər hadisələrilə bağlı araşdırmalarına görə cəzalandırılır və bu məqsədlə qazilərdən istifadə olunur: "Bunu edənlər də Tərtər cinayətlərində əli olan məmurlardır”.

Abid Qafarovun vəkili Elçin Sadıqov bildirib ki, hökmdən apelyasiya şikayəti veriləcək: "Nə mənə müdafiə çıxışına hazırlaşmağa imkan verildi, nə Abid Qafarovun özünə son söz deməyə şərait yaradıldı. Tələsik hökm oxundu. Ekspertiza rəyi də iki günün içində – tələm-tələsik hazırlanıb. Hesab edirik ki, bu da sifarişin nəticəsidir”.

İyulun 6-da keçirilən məhkəmə iclasında ekspertiza keçirilməsinə qərar verilmişdi. 

Ekspertiza nəticəsində müəyyənləşməliydi ki, Abid Qafarovun çıxışında təhqir var, yoxsa yox.