Tərtər işi: generala hökm oxundu

Tərtər işi: generala hökm oxundu

29-12-2023 11:15 / Bu xəbər 808 dəfə oxundu

Bəkir Orucovla yanaşı, daha 4 zabit cəzalandırılıb

2017-ci ilin mayında Tərtərdə yüzlərlə hərbçiyə qarşı kütləvi şəkildə işgəncələr baş verərkən bənzər hadisələr həmin vaxt Beyləqanda da yaşanıb. 

Beyləqan işgəncələrinə görə biri general olmaqla, cinayət məsuliyyətinə cəlb edilmiş 5 nəfərə dekabrın 28-də hökm oxunub.

Hökmə əsasən, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin keçmiş rəisi, 2017-ci ildə Beyləqan korpusunda qərargah rəisi işləmiş general-mayor Bəkir Orucov 9 il 6 ay azadlıqdan məhrum edilib.

Qalan dörd nəfərə gəlincə, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin təhqiqatçısı olmuş, hadisələr baş verəndə Beyləqana ezam olunan İntiqam Məmmədov və Beyləqan korpusunun təhqiqat bölməsinin rəis müavini vəzifəsində işləmiş Rahib Məmmədovun hər biri 6 il 6 ay, snayper bölüyünün keçmiş komandiri, polkovnik-leytenant Ziya Kazımov 8 il 6 ay, korpusun təlimatçısı Ülvi Rəşidov isə 9 il 6 ay azadlıqdan məhrum olunub.

Ziya Kazımov və Ülvi Rəşidov istintaq və məhkəmə dövründə azadlıqda olduqlarına görə hökm oxunandan sonra məhkəmə zalında həbs ediliblər.

Beyləqan işgəncələrilə bağlı məhkəmə araşdırmaları 10 aya yaxındır ki, Sumqayıt Məhkəmə Kompleksində keçirilir. 

Cinayət işinə Bakı Hərbi Məhkəməsinin sədri Zeynal Ağayev və Camal Ramazanovla Rafiq Abbasovdan ibarət heyət baxır.

Təqsirləndirilən şəxslərdən dördü əvvəlki məhkəmə iclasında son sözlərini demişdilər. 

Yalnız Ziya Kazımov qalmışdı, çünki ötən məhkəmə iclasında onun vəziyyəti pisləşmiş, məhkəməyə təcili yardım çağırılmışdı.

Dekabrın 28-də günün birinci yarısında məhkəmədə Ziya Kazımov da son sözünü deyib. 

O bildirib ki, həqiqətən, səhhətində ciddi problemlər var. Bir müddət buna görə xəstəxanada da yatıb: "Hospitalda dedilər ki, "səni tez-tez soruşurlar", ona görə müalicə başa çatmadan məcburi çıxardılar. Vəkilim də ona görə vaxt istəyirdi ki, müayinə və müalicəmi davam etdirim. Sonuncu yoxlamada məlum oldu ki, ancaq ürəyim və dalağım sağlamdır".

Həm 2020-ci ildə 44 günlük müharibədə, həm də 2023-cü il sentyabrın 19-da anti-terror əməliyyatındakı xidmətlərindən danışan Ziya Kazımovun sözlərinə görə, dəfələrlə yaralanıb: "Yaralanmağıma baxmayaraq, qalıb döyüşməyə davam eləmişəm. Məni iki dəfə hospitala yerləşdiriblər. Onda da huşumu itirmişəm, bilməmişəm. Ayılan kimi hospitaldan çıxıb, döyüşə qayıtmışam. Mən ölümdən qorxmayan adamam, indi burada da nədənsə qorxan deyiləm. Antiterror əməliyyatı nəticəsində ölkəmin suverenliyi tam bərpa olundu, başqa arzum yoxdur".

Heç kimə işgəncə vermədiyini, ümumiyyətlə, işgəncələrdə iştirak etmədiyini deyən Ziya Kazımov sübut kimi zərərçəkmişlərin məhkəmədəki ifadələrini göstərib: "60 nəfər zərərçəkmişin heç biri burada məndən şikayıt eləmədi, işgəncələrdə iştirak etdiyimi demədi. Əksinə, haqqımda müsbət fikirlər səsləndirdilər. Hətta eləsi oldu ki, mənə görə prokurorun dediklərinə etiraz elədi. Dedi ki, məndən şikayətçi olmadıqları haıda, prokuror onun adından istifadə edir".

Təqsirləndirilən polkovnik deyir ki, onlara mütəşəkkil dəstə ittihamı verilib. Amma dəstənin üzvü kimi təqdim edilən şəxslərdən bir neçəsini məhkəməyə qədər ümumiyyətlə tanımayıb: "Hansı mütəşəkkil dəstədən söhbət gedə bilər ki, məsələn, mən İntiqam Məmmədovu burada tanımışam. Mən indi polkovnik leytenantam, o vaxt mən xüsusi təyinatlılara əmr verə bilərdim? Hər şey ortadadır, deyiləcək başqa söz yoxdur".

Ziya Kazımovun vəkili Bəhruz Bayramov məhkəməyə ərizə təqdim edərək hüquqlarını müdafiə etdiyi şəxs haqqında cinayət işinin ayrılmasını istəyib. 

O, müvəkkilinin səhhətində ciddi problemlər olduğunu və davamlı müalicəyə ehtiyac duyduğunu vurğulayıb. Lakin onun ərizəsi təmin olunmayıb.

Müşavirəyə gedən hakimlər günortadan sonra hökmü elan ediblər.

Təqsirləndirilən şəxslərin heç biri ittihamları qəbul etmir, onlar apelyasiya şikayəti verəcəklərini bildiriblər.

Təqsirləndirilən general Bəkir Orucov deyir ki, əsl günahkarlar məsuliyyətdən kənarda qalıb. Əvəzində cəmiyyətin gözündən pərdə asmaq üçün onları qurbanlıq seçiblər: "Təhqiqatçı kim idi ki, korpus komandirinin göstərişi, icazəsi olmadan o korpusa girsin? Heç nazirliyin Hüquq İdarəsinin rəisi Rauf Kişiyev icazə olmadan gəlib orada kimisə həbs eləyə bilməzdi. Bərxudarov belə zəif idi ki, mən ona tabe ola-ola onu idarə eləmişəm? Müdafiə nazirinin, Baş Qərargah rəisinin, korpus komandirinin səhvlərinə görə mən niyə cəzalanmalıyam? Müdafiə Nazirliyində 140 milyonluq yeyinti ortaya çıxır, nazir deyir ki, xəbərim yoxdur. Satınalmalardakı qanunsuzluqlardan xəbəri yoxdur. Tərtər hadisələrindən xəbəri yoxdur. Bu adamın nədən xəbəri var? Başqalarından fərqli olaraq, biz elə-belə general olmamışıq. Mən əsgərlərimlə səngərlərdə yatmışam”.(Meydan TV)