Tərtərdə əsgəri öldürüb, sonra “Taliban”a qoşulan azərbaycanlı ölkəyə gətirilib

Tərtərdə əsgəri öldürüb, sonra “Taliban”a qoşulan azərbaycanlı ölkəyə gətirilib

24-09-2020 18:02 / Bu xəbər 350 dəfə oxundu

Saleh Adilov ömürlük azadlıqdan məhrum edilib

Tərtərdəki hərbi hissənin döyüş postuna basqın edərək, orada bir əsgəri öldürüb, digərini isə yaralamaqda, "Taliban”ın tabeliyindəki silahlı qruplaşmalardan birinə başçılıq etməkdə ittiham olunan azərbaycanlının mühakiməsi yekunlaşıb. 

36 yaşlı Saleh Adilov Azərbaycanda mühakimə olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ömürlük azadlıqdan məhrum edilib.

S.Adilov Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Türkiyə xüsusi xidmət orqanlarının birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Van şəhərində tutularaq, Bakıya gətirilib. 

DTX-nın yaydığı məlumatda bildirilir ki, S.Adilov dini radikal qruplaşmanın başqa üzvlərilə birlikdə Tərtərdəki hərbi hissəyə basqın nəticəsində oradan xeyli silah-sursat da aparıb. 
O, 2009-cu ildə baş verən bu hadisədən sonra İrana, oradan da qaçaq yolla Pakistanın Şimali Vəziristan vilayətinə gedib. Orada "Taliban”ın himayəsi altında fəaliyyət göstərən, Vüqar Hacızadənin rəhbərlik etdiyi qruplaşmaya qoşulub.

2010-cu ildə V.Hacızadə beynəlxalq antiterror koalisiyasının qüvvələri tərəfindən öldürülüb. Onun ölümündən sonra həmin qruplaşmaya Saleh Adilov başçılıq edib. 

2014-cü ildə o, gizli yolla Türkiyəyə, oradan isə Suriyaya getmək istəyərkən İran ərazisində tutulub. 2019-cu ildə azad edildikdən sonra qanunsuz yolla Türkiyəyə keçərək orada gizlənib. Orada olduğu zaman da tutularaq, Azərbaycana verilib.

S.Adilov özünü təqsirli bilir. O deyib ki, 2009-cu ildə hərbi hissədən silah-sursat götürmək üçün ora getmişdilər. Çünki iriçaplı silahlara ehtiyacları vardı. 

Əyinlərinə də hərbi geyim formasında paltar geyiniblər ki, diqqət çəkməsinlər. Amma postda olan əsgərlərdən biri duyuq düşüb və nəticədə aralarında toqquşma yaranıb. 

S.Adilovun dediyinə görə o, əsgəri üstündə olan bıçaqla vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə Faiq Qəniyevin sədrlik etdiyi hakimlər kollegiyası baxıb. 

Prokuror da ona ömürlük azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.///Meydan.Tv