Tərtərdə iki nəfər minaya düşüb

Tərtərdə iki nəfər minaya düşüb

01-10-2022 20:13 / Bu xəbər 938 dəfə oxundu

Oktyabrın 1-də daha iki nəfər minaya düşüb. Hadisə Tərtər rayonunun Qızıl oba kəndində baş verib.

Tərtər Rayon Prokurorluğundan Meydan TV-yə verilən məlumata görə, hadisə nəticəsinfə 1976-cı il təvəllüdlü Rəfail Bayramov və 1990-cı il təvəllüdlü Nicat Cabbarov xəsarət alıb.

"Prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirib. Məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır”, – prokurorluqdan bildirilib.

Beləliklə, son iki gündə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaya düşənlərin sayı 4 nəfər olub. Daha iki nəfər – Masallı rayon Hacıtəpə kəndində anadan olmuş Amid Əsədov və Füzulinin Ağaxanlı kəndində anadan olmuş Çərkəz Quluzadə sentyabrın 30-da axşam saat 21 radələrində Füzuli rayonunun Yuxarı Dilağarda kəndi ərazisində minaya düşüb. Onların hər ikisi hadisə yerində həlak olub.

Bu faktla bağlı Füzuli Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, 36 yaşlı Amid Əsədov və 15 yaşlı Çərkəz Quluzadə işğaldan azad edilmiş Yuxarı Dilağarda kəndi ərazisinə nəzarət-buraxılış məntəqələrindən kənar, qanunsuz yolla keçib.

"İşğaldan azad olunmuş ərazilərdə minaların və digər partlayıcı maddələrin olması ilə əlaqədar dəfələrlə vətəndaşlara xəbərdarlıq edilib. Buna baxmayaraq, yenə də bəzi şəxslərin nəzarət-buraxılış məntəqələrindən kənar yollarla həmin ərazilərə daxil olması faktlarına rast gəlinir”, – Ehsan Zahidov bildirib.