Tibb üzrə Nobeli macar və amerikalı alimlər aldı
02-10-2023 17:37 / Bu xəbər 1049 dəfə oxundu
Fiziologiya və tibb üzrə 2023-cü il üçün Nobel mükafatı nukleozid əsasların modifikasiyasının kəşfinə verilib.
Bu kəşf COVID-19-a qarşı effektiv mRNT vaksinlərinin əldə olunmasına yol açıb.
Nobel komitəsinin məlumatında deyilir ki, bu mükafata Macarıstan alimi Katalin Kariko və amerikalı biokimyaçı Dryu Vaysman layiq görülüblər.
Onların ikisi də ABŞ-ın Pensilvaniya Universitetində çalışırlar.
Bu da qeyd olunur ki, Kariko və Vaysman RNT tədqiqatları sahəsində 10 ildən artıq müddətdə əməkdaşlıq edirlər.
2021-ci ilin sentyabrında onlar COVID-19-a qarşı vaksinin yaradılmasına imkan vermiş kəşflərinə görə, Breakthrough Prize mükafatına layiq görülmüşdülər və araşdırmaları üçün 3 milyon dollar almışdılar.
COVID-19-a qarşı mRNT əsaslı vaksinləri Pfizer və Moderna şirkətləri işləyib hazırlayıblar.
Bu vaksinlərin sınağı 2020-ci ilin sonlarında uğurla başa çatıb.
O vaxt pandemiyanın başlanmasından bir ildən də az vaxt keçirdi.
Tibb üzrə Nobel mükafatları Nobel həftəsi zamanı elan edilmiş ilk mükafatlardır.
Bunun ardınca fizika, kimya, ədəbiyyat və sülh üzrə mükafatçılar elan olunacaq.