Tikinti mallarına idxal rüsumu dəyişdirilir

Tikinti mallarına idxal rüsumu dəyişdirilir

25-11-2017 10:03 / Bu xəbər 1509 dəfə oxundu

Gələn ildən Azərbaycana idxal edilən əsas tikinti materiallarına yeni gömrük rüsumları tətbiq ediləcəyi bildirilir.

APA-nın xəbərinə görə, bu Nazirlər Kabinetinin təsdiqlədiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə öz əksini tapıb.

Yeni dərəcələrin 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcəyi qeyd edilir.

Xəbərdə vurğulanır ki, mərmər, travertin, əhəngli tuf daşı, qumdaşı və qranitə tətbiq edilən idxal gömrük rüsumu 15 faizdən 5 faizə endiriləcək. Təbii qrafit, silisiumlu qum, kvarslı qum, kvars, kvarsit, kaolin , əhəng flüsu, sönməmiş əhəng, susuzlaşdırılmamış və ya bişməmiş dolomitə tətbiq edilən 0,50 faiz idxal gömrük rüsumu isə ləğv ediləcək.

Şist, qaba xırdalanmış, xırdalanmamış, mişarlanmış və ya mişarlanmamış gipsli bağlayıcılara tətbiq edilən 15 faiz idxal gömrük rüsumu da götürülür. Bundan başqa, təbii qranat və digər təbii abraziv materiallara tətbiq edilən 3 faiz idxal gömrük rüsumu da ləğv edilir.

Sönmüş əhəng və hidravlik əhəngə tətbiq edilən idxal gömrük rüsumu isə artır. Bu mallardan ötrü 10 faiz deyil, 15 faiz idxal gömrük rüsumu tətbiq olunacaq.

Bəzi mallara - sement klinkerlər, giltorpaqlı sement, hidravlik sement, süni boyanmış və ya boyanmamış ağ sementə isə 2018-ci ilin noyabrınadək 15 faiz idxal gömrük rüsumu tətbiq edilməlidir.

Tək əsas tikinti materiallarına yeni idxal gömrük rüsumlarının tətbiq edilməyəcəyi gözlənilir. Dəyişikliklərin bir çox başqa mallara da şamil edildiyi bildirilir.

Verilən məlumatlara görə, Azərbaycana idxal edilən bəzi minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu gələn ilin ilk günündən 75 faiz artırılacaq.