"TikTok"dan istifadə təhlükəlidir: Britaniya qadağan, Çexiya əhaliyə xəbərdarlıq etdi

18-03-2023 10:19 / Bu xəbər 993 dəfə oxundu

ABŞ-dan sonra Böyük Britaniya da "TikTok"un ictimai cihazlarda istifadəsini qadağan edib.

Bu barədə Britaniya media məlumat yayıb. 

Bildirilir ki, Çinə məxsus video tətbiqi "TikTok” ilə bağlı təhlükəsizlik narahatlıqları fonunda Britaniya hökumət qurumlarının telefonlarında "Tiktok" tətbiqi qadağan edilib.

Nazirlər Kabinetinin naziri Oliver Douden parlamentə deyib ki, hökumət məlumatlarının proqram tərəfindən istifadə edilməsində risk ola bilər.

Nazir "TikTok"un qadağan edilməsini yaxşı "kiber gigiyena" adlandırıb. 

O, hökumətin bu qərarının ABŞ, Kanada və Aİ-nin aldığı qərar ilə üst-üstə düşdüyünü bəyan edib. 

Onun sözlərinə görə, bu qərar dövlət korporativ cihazlarına şamil edilir, fərdi cihazlara şamil edilməyəcək.

Ötən gün Çexiya hökuməti əhaliyə rəsmi xəbərdarlıq edib ki, "TikTok"dan istifadə təhlükəlidir
 
Kibercinayətkarlıq agentliyi izləyicilərə bu tətbiqi telefonlardan silməyi tövsiyə edib. 

Bildirilib ki, bu video tətbiq vasitəsilə telefonlara qulaq asmaq, şəxsi informasiyaları oğurlamaq, bunun üzərindən mobil cihazlara kiberhücumlar təşkil etmək mümkündür. 

Ona görə də Çexiya hökuməti əhalini "TikTok"dan istifadə etməməyə, diqqətli olmağa çağırıb.