Tofiq Yaqublu 6-cı gündür ki, “ölüm aclığı” keçirir

Tofiq Yaqublu 6-cı gündür ki, “ölüm aclığı” keçirir

07-09-2020 01:14 / Bu xəbər 1497 dəfə oxundu

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublu həbsinə etiraz olaraq artıq 6-cı gündür ki, aclıq aksiyası keçirir.

Tofiq Yaqublu martın 22-də yol qəzasından sonra saxlanılıb. 

O, başqa bir maşının sürücüsü və sərnişinə hücumda günahlandırılıb. Nizami rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) maddəsi ilə ittiham olunub. Ancaq buna sübut olmayıb. 

T.Yaqublu baş verənləri təxribat kimi dəyərləndirib və sentyabrın 2-də Bakının Nizami rayon Məhkəməsində aclıq aksiyasına başlayıb. O, həbsinə və ədalətsiz mühakiməsinə etiraz olaraq  məhkəmə zalında aclığa başladığını elan edib.

"Tofiq Yaqublu məhkəmə heyətinin diqqətinə çatdırdı ki, qələbəyədək aclığı davam etdirəcək", - qızı Nigar Həzi qeyd edib.

Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində Tofiq Yaqubluya hökm oxunub. 

O, 4 il 3 ay müddətində azadlıqdan məhrum edilib.

Məhkəmə önünə toplanan insanlar qərara etiraz olaraq "Azadlıq” və "İstefa” şüarları səsləndirib.

Beynəlxalq təşkilatlar da hökmü pisləyiblər. Beynəlxalq Amnistiya təşkilatı T.Yaqublunu "vicdan məhbusu”  kimi tanıyıb.
 
Türkay Zadə
Toplum.Tv