Tofiq Yaqublu aclıq aksiyasına başladığını elan edib

Tofiq Yaqublu aclıq aksiyasına başladığını elan edib

02-09-2020 17:31 / Bu xəbər 2143 dəfə oxundu

Tofiq Yaqublu aclıq aksiyasına başladığını elan edib
 
"Görün İlham Əliyev nə gündədir ki, məni şərləmək üçün cəmiyyətin tullantılarına möhtac qalıb”

Müsavat Partiyasının və Milli Şuranın fəalı Tofiq Yaqublu aclıq aksiyasına başlayıb. 

Bu barədə o, sentyabrın 2-də Nizami Rayon Məhkəməsində son sözünü deyərkən məlumat verib.

T. Yaqublunun məhkəməsini izləmək üçün 200-dən artıq adam məhkəmə binasının önünə gəlsə də, yenə qızı Nigar Həzidən başqa heç kimi içəri buraxmayıblar. T.Yaqublu buna etiraz edib: "Necə olur, Ramiz Mehdiyevin kürəkəninin məhkəməsinə bütün jurnalistlər buraxılır, canlı yayım verilir, Tofiq Yaqublunun məhkəməsinə isə heç kimi buraxmırlar?”

T. Yaqublu son sözündə deyib ki, həbsdə olduğu ayları, illəri, günləri Azərbaycanın qurucusu Məhəmməd Əmin Rəsulzadəyə ithaf edir.

"Onsuz da bilirəm ki, Prezident Administrasiyasından gələn sifarişi elan edəcəksiniz. Heç danışmaya da bilərəm. Əslində, olmayan şeyi danışmaq da mümkün deyil. Elə hadisə olmayıb. İlk dəfədir ki, bütün ailə şərləmədə iştirak edir. Sifarişçi də birbaşa İlham Əliyevdir. Görün İlham Əliyev nə gündədir ki, məni şərləmək üçün cəmiyyətin tullantılarına möhtac qalıb”, - deyə T.Yaqublu bildirib.

Siyasi fəalın sözlərinə görə, Əliyevlər hakimiyyətinin sifarişilə bundan əvvəl də bir neçə dəfə şərlənib: "Mən ilk dəfə 1998-ci ildə 12 sentyabr hadisələri vaxtı şərlənmişəm. İndi bu Nizami rayon Məhkəməsinin sədri olan Ələddin Cəfərov o zaman sifarişlə mənim haqqımda hökm çıxardı. Adamı nə qədər şərləyərlər? Adam gərək nə qədər uzunqulaq olsun ki, bu gün mənə qarşı quraşdırılan cinayət işinə inansın. Əgər o cinayəti mən törətmişəmsə, yalançı şahidlərlə bağlı dediyim söyüşlərin on qatı mənə gəlsin. Belə deyilsə, o zaman on qatı bu şərləməni sifariş edənlərə, icra edənlərə gəlsin”.

T.Yaqublu çıxışının sonunda aclığa başladığını elan edib: "Mən qələbəyə qədər davam edəcəm. Azərbaycanda hüquqi dövlət qurulmalıdır!”

T.Yaqublunun son sözündən sonra hakim hökm çıxarmaq üçün müşavirəyə gedib. Hökm sentyabrın 3-də elan olunacaq.

Tofiq Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, Tofiq Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

Tofiq Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl "Facebook” hesabında yazmışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı"nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.///Meydan.Tv