Tofiq Yaqublu: “Azərbaycanda hüququ Əliyevlər məhv edib”
05-08-2020 23:28 / Bu xəbər 2416 dəfə oxundu
- Təqsirləndirilən şəxs...
- Mən təqsirləndirilən şəxs deyiləm. Təqsirləndirilən şəxs istintaqda, məhkəmədə, hüquq olan yerdə olar. Siz isə hüququn anasını ağlatmısız. Mən əsir götürülmüş, əsirlikdə olan şəxsəm.
- Sizə hüquqlarınızı izah edirəm...
- Azərbaycanda hüququ Əliyevlər məhv edib. Hüquq yoxdur.
- Məhkəmə zalında hakimin icazəsi olmadan danışmaq olmaz...
- Siz hakim deyilsiz. Siz bu keyfiyyətlərinizlə məlum kateqoriyadan olan şəxslərlə birlikdə İlham Əliyevin iyrənc sifarişlərinin icraçısısınız...
- İş yeriniz...
- Mən bu ölkədə hüquqsuzluğa, qanunsuzluğa, korrupsiyaya, saxtakarlığa qarşı mübarizə aparıram.
Bu dialoq avqustun 5-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyevlə Müsavat Partiyasının və Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu arasında olub.
Məhkəmədə T.Yaqublunun vəkilləri bir sıra vəsatətlər qaldırıblar: hadisə vaxtı çəkilmiş videogörüntülərin cinayət işinin materiallarına əlavə olunması; mobil operatorlara sorğu göndərilib zərərçəkmiş qismində tanınan Cəvahir və Elxan Cəbrayılovların martın 19-dan 24-nə qədər telefon danışıqlarının siyahısının alınması; T.Yaqublunun şüşə kabinədən çıxarılıb vəkillərinin yanında əyləşməsinə imkan verilməsi və s.
Hakim bu vəsatətlərin heç birini təmin etməyib.
T.Yaqublunun vəkili Elçin Sadıqov məhkəmədə deyib ki, iş materialına əlavə olunmasını istədikləri video E.Cəbrayılovun əvvəlcədən hadisə yerinə gəlib maşında gözlədiyini, məqsədli şəkildə T.Yaqublunun dayanan maşını vurub, özünə də hücum etdiyini sübut edir. Amma cinayət işinin materiallarında yazılıb ki, E.Cəbrayılov maşınıyla hərəkət edərkən T.Yaqublunun idarə etdiyi avtomobil onun yoluna çıxıb, nəticədə qəza baş verib: "Tofiq Yaqublu tənqidi çıxışlarından sonra həbs olunub. Biz hesab edirik ki, zərərçəkmiş qismində tanınan şəxslər təxribatçı olub, baş verən hadisə də əvvəldən planlaşdırılıb. Elxan Cəbrayılovun maşınla uzun müddət orada gözlədiyini sübut edən video da bunu deməyə əsas verir".
Vəkil onu da bildirib ki, iş materiallarında hadisənin baş verdiyi saat 15.25 göstərilib. Amma C.Cəbrayılovanın 102 xidmətinə zəngi saat 15.21-də qeydə alınıb: "Adam necə bilib ki, dörd dəqiqə sonra belə hadisə baş verəcək?"
T.Yaqublu məhkəmə zalında şüşə kabinədə saxlanılıb. Vəkilləri onun oradan çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət qaldırsalar da, təmin edilməyib. Vəkillər həmçinin kabinədə Ədliyyə Nazirliyinin əməkdaşının T.Yaqublu ilə birlikdə dayanması və onun müdafiəçilərilə konfidensial söhbətlərini dinləməsinə də etiraz ediblər.
T.Yaqublu şüşə lövhələr arasındakı boşluqlar vasitəsilə məhkəmə zalında olan danışıqları eşidirdi. O, eşitmə problemi olduğunu bildirərək, hakimdən normal şərait yaradılmasını tələb edib:
"İlham Əliyev kazinoda oynayanda mən erməni ilə vuruşurdum. Qumbaranın səsindən qulağımda problem yarandı, dəfələrlə müalicə almışam".
Vəkillərin əlavə şahidlərin dindirilməsi barədə vəsatəti də təmin edilməyib.
T.Yaqublu deyib ki, həqiqətin ortaya çıxmasını istəyən olsaydı, onun telefonundakı görüntülərə baxardı. İlk gündən müstəntiqə də bunu deyib: "Cnayətkarcasına, həyat yoldaşımın qolunu buraraq aldıqları telefonum bura gətirilsin. Ondan obyektiv sübut ola bilməz ki... Orada səslər, görüntülər var".
Hakim deyib ki, telefonun kodu olduğuna görə istintaq vaxtı ona baxış keçirmək mümkün olmayıb.
T.Yaqublu martın 22-dən həbsdədir. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.
T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl "Facebook” hesabında yazmışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”
T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.
Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.
Meydan.Tv