Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilməyə də bilərdi - ANALİZ

Tofiq Yaqublu barəsində həbs qətimkan tədbiri seçilməyə də bilərdi - ANALİZ

08-04-2020 01:03 / Bu xəbər 1508 dəfə oxundu

Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının Koordinasiya Mərkəzinin üzvü, Tofiq Yaqublu martın 22-də xuliqanlıqda ittiham olunaraq saxlanılıb. 

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun yaydığı məlumatda qeyd olunur ki, Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobiliylə manevr qaydalarını pozaraq Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub.  

Rəsmi iddiaya görə, Tofiq Yaqublu avtomobildən düşərək Elxan Cəbrayılovun üzərinə hücum edərək onu yumruq və vintaçanla vurub. Elxan Cəbrayılovun həyat yoldaşı Cəvahir Cəbrayılova onları ayırmaq üçün yaxınlaşdıqda Tofiq Yaqublu onu da itələyib və Cəvahir Cəbrayılova maşının qapısına dəyərək xəsarət alıb

Müxalif siyasətçi barəsində Cinayət Məcəlləsinin 221.3-cü maddəsiylə (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq) cinayət işi açılıb. Nizami Rayon MəhkəməsiTofiq Yaqublu barəsində 3 ay müddətinə həbs qətimkan qərarı verib. 

Tofiq Yaqublu özünə qarşı irəli sürülən ittihamı təkzib edib və bu təqibi müxalif fəaliyyəti ilə əlaqələndirib. O, məhkəmə qərarından sonra telefon vasitəsilə qızı ilə danışarkən deyib ki, baş verənlərin təxribat olduğunu başa düşdüyünə görə polis hadisə yerinə gələnədək maşınından çıxmayıb.

"Fakt Yoxla” məhkəmənin Tofiq Yaqublu haqda seçilmiş həbs qətimkan qərarının   qanuna uyğun olub-olmadığını yoxlayıb. 

Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Tofiq Yaqublunun ittiham edildiyi maddənin sanksiyasında 2 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub. Bu baxımdan siyasətçinin  təqsirləndirildiyi maddə az ağır cinayətlər kateqoriyasına daxildir.

Cinayət Prosessual Məcəllənin 155-ci maddəsinə görə, şəxsin istintaqdan  gizlənməsi, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təsir göstərməsi, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən materialları gizlətməklə və ya saxtalaşdırmaqla ibtidai istintaqın və ya məhkəmə baxışının normal gedişinə mane olması, nəzərdə tutulmuş əməli yenidən törətməsi və ya cəmiyyət üçün təhlükə yaratması, cinayət prosesini həyata keçirən orqanın çağırışlarına üzrlü səbəblər olmadan gəlməməsi və ya digər yolla cinayət məsuliyyətinə cəlb edilməkdən və cəza çəkməkdən boyun qaçırması, məhkəmə hökmünün icra edilməsinə maneə törətməsi ehtimalı olanda barəsində həbs qətimkan tədbiri tətbiq edilir. Tofiq Yaqublunun ictimai-siyasi statusunu və cəmiyyətdə onun barəsində formalaşmış müsbət rəyi nəzərə alsaq, bu əsasların heç birinin ona aid olmadığı məlum olur. 

Prezident İlham Əliyevin 2017-ci il fevralın 10-da cəza siyasətinin humanistləşdirilməsini nəzərdə tutan sərəncamında qeyd edilir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrumetmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsinin əsaslarının daha da məhdudlaşdırılmasına dair göstəriş verilib.

Eyni zamanda, Baş Prokurorluğa və məhkəmələrə həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən ilk növbədə digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünün  araşdırılması tövsiyə olunur.

"Böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimatlar müstəsna hallarda həbsin tətbiq edilməsinə dair cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda verilsin”,- deyə sərəncamda qeyd olunur.

Prezidentin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanında isə Ali Məhkəmə və Baş Prokurorluğa cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirləri davam etdirmək tövsiyə edilir. 

Avropa İnsan Haqları Konvensiyasının 5-ci maddəsinin tələb etdiyi zərurilik testinə görə, həbs qətimkan tədbiri yalnız fərdi və ictimai marağı qorumaq üçün, həbsdən daha yüngül tədbirlərin tətbiqi kifayət etmədikdə tətbiq edilə bilər.

Bundan əlavə, Tofiq Yaqublunun həbsi ilə bağlı bir çox beynəlxalq qurumlar və ayrı-ayrı şəxslər öz narahatlığını ifadə ediblər. Avropanın ən böyük partiyalarından biri - Avropa Parlamentində fraksiyası olan Avropa uğrunda Liberallar və Demokratlar Alyansı (ALDE), "Amnesty International” təşkilatı, "Human Rights Watch” təşkilatı, ABŞ Dövlət Departamentinin sözçüsü, AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri və Avropa Şurasının İnsan Haqları üzrə komissarı da Tofiq Yaqublunun həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasını tələb edib.

Beləliklə, Tofiq Yaqublunun təqsirləndirildiyi maddə az ağır cinayətlərə aiddir. Cinayət Prosessual Məcəllənin tələbləri, eləcə də prezidentin sərəncamlarına görə ibtidai istintaq dövründə Tofiq Yaqublu barəsində digər qətimkan tədbirinin seçilməsi üçün kifayət qədər əsas olub. 

"Fakt Yoxla”nın gəldiyi nəticəyə görə,Tofiq Yaqublu haqqında verilən həbs qətimkan qərarı qanunvericiliyin tələblərinə adekvat olmayıb.