Tofiq Yaqublu:" Baş verənləri çəkmişdim, ona görə polis telefonumu götürüb"

Tofiq Yaqublu:

20-04-2020 17:45 / Bu xəbər 1646 dəfə oxundu

Vəkil: "Biz Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün yaxın günlərdə vəsatət verəcəyik"

Aprelin 20-də Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun haqqındakı həbs qərarından verilmiş şikayətə baxılıb. Hakim Kamran Əkbərov apelyasiya şikayətini təmin etməyib. T.Yaqublunun haqqında ilkin istintaq dövrü üçün seçilmiş üç aylıq həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb.

Vəkil Elçin Sadıqov Meydan TV-yə bildirib ki, qapalı keçirilən məhkəmə iclasında T.Yaqublu özü də iştirak edib: "Biz Tofiq Yaqublunun ev dustaqlığına buraxılması üçün yaxın günlərdə vəsatət verəcəyik. Məhkəmə bu vəsatətimizi də təmin etməsə, Avropa Məhkəməsinə şikayət edəcəyik”.

Vəkilin sözlərinə görə, T.Yaqublu xuliqanlıq ittihamını qəbul etməyib, siyasi sifarişlə həbs olunduğunu deyib. O, birbaşa ifadə azadlığı hüququndan istifadə edib, sosial şəbəkələrdə paylaşdığı tənqidi fikirlərinə görə həbs olunduğunu vurğulayıb: "Dedi ki, birbaşa "Facebook”-da yazdığı statuslara və son olaraq da "Amerikanın səsi” radiosuna verdiyi müsahibəyə görə həbs olunub”.

T.Yaqublu bildirib ki, telefonunun götürülməsi də onun həbsinin sifarişli olduğunu təsdiqləyir. Onun sözlərinə görə, "8-ci kilometr bazarı”nın qarşısında maşının vurulması, ardınca hücuma məruz qalmasını əks etdirən görüntülər telefonunda vardı:

"Baş verənləri çəkmişdim. O görüntüləri silmək üçün telefonumu aldılar. Lap tutaq ki, xuliqanlıq hadisəsi baş verib, telefonu niyə götürürdülər? Deməli, məqsəd həqiqəti gizlətməkdir”.

T.Yaqublunun qızı Nigar Həzi də Meydan TV-yə bildirib ki, atası siyasi sifarişlə həbs olunub, xuliqanlıq ittihamı, onun kimisə vintaçanla vurması haqda cinayət işində yazılanlar uydurmadır: "Görünür, İlham Əliyev hələ də inadkarlıq etməkdə israrlıdır. Amma heç özünün də durumu yaxşı deyil. Əvvəl-axır Tofiq Yaqublunu azadlığa buraxmağa məcbur olacaq. "Amnesty İnternational” təşkilatı kampaniyaya başlayıb. İlham Əliyevə Tofiq Yaqublunun azadlığa buraxılması tələbilə məktublar göndəriləcək. Növbəti həftədən Amerika hökumətinə müraciət olunacaq ki, "Silk Way” şirkətilə əməkdaşlıq olunmasın. Tofiq Yaqublunun həbsində vasitəçi kimi iştirak etmiş Elxan Cəbrayılov (vurulduğu iddia olunan zərərçəkmiş) həmin şirkətdə işləyir”.

T.Yaqublunun xroniki astma xəstəsi olduğunu söyləyən N.Həzinin sözlərinə görə, həbsdə durumu daha da pisləşib: "Düzü, ata səhhətində problemlər olsa da, şikayətlənən deyil. O, heç vaxt istəmir ki, səhhətilə bağlı məsələlər onun mübarizəsinin önünə keçsin. Amma mən qızıyam, hiss edirəm. Astma xəstəliyi kəskinləşib. Bir dəfə telefonda elə öskürürdü, nə dediyini başa düşmürdüm. Qolunda da zədəsi vardı, ağrıyır. Şüvəlandakı təcridxanada insanların saxlanması üçün normal şərait yoxdur. Karantin rejimi ilə əlaqədar ərzaq qəbuluna qadağanı anlayıram. Amma insanın ehtiyacı olan zəruri əşyalar var ki, onları da çatdıra bilmirik. Ancaq hesabına pul köçürə bilirik ki, ehtiyacı olan zəruri şeyləri orada ala bilsin”.

Tofiq Yaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-in 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. İddia olunur ki, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı döyüb, xəsarət yetirib.

T.Yaqublu ittihamın saxta olduğunu bəyan edib. O, həbsindən əvvəl "Facebook” hesabında yazmışdı: "Dostlar, ciddi təxribatla üzləşmişəm. "8-ci kilometr bazarı”nda park halında olan maşınımı qəsdən, nümayişkəranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır...”

T.Yaqublu bundan öncə də 2014-cü ildə İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdə də 30 günlük inzibati həbs cəzası almışdı. Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi.

Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.