Tofiq Yaqublu bu gündən həbsdə aclıq aksiyasına başladığını açıqladı

Tofiq Yaqublu bu gündən həbsdə aclıq aksiyasına başladığını açıqladı

05-01-2023 20:55 / Bu xəbər 626 dəfə oxundu

"Sadəcə, "məhkəmə” adlanan oyuncaqlar və o oyuncaqlarla oynayan uşaqlar var”

Milli Şuranın və Müsavat Partiyasının üzvü, 13 gündür həbsdə olan Tofiq Yaqublu yanvarın 5-dən aclıq aksiyasına başladığını açıqlayıb. 

Bu barədə Bakı Apelyasiya Məhkəməsində onun şikayətinə baxılarkən siyasətçi özü məlumat verib.

Yanvarın 5-də Bakı Apelyasiya Məhkəməsində hakim Anar Tanrıverdiyevin sədrliyilə Tofiq Yaqublu haqqında 30 günlük inzibati həbs qərarından verilmiş apelyasiya şikayətinə baxılıb. 

Həmin qərar dekabrın 23-də Səbail Rayon Məhkəməsində hakim Mədinə Bağırova tərəfindən çıxarılıb. 

Qərara əsasən, Tofiq Yaqublu İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib.

Apelyasiya məhkəməsində vəkil Nemət Kərimli hakimə Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlərin lentə aldığı videogörüntüləri təqdim edib. Vəkil həmin görüntülərə məhkəmədə baxış keçirilməsini istəyib. Hakim buna razılıq verib.

Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir. 

"Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.

Daha sonra məhkəmədə Tofiq Yaqublu özü çıxış edib. 

O, şərlənərək həbs olunduğunu söyləyib: "Dövlətin, dövlət orqanının öz vətəndaşına qarşı bu cür davranışı, öz vətəndaşını bu cür şərləməsi ilk növbədə o dövlət orqanının özü üçün xəcalətdir. Üstəlik, o vətəndaş Qarabağ qazisidir. O vətəndaşın oğlu da Qarabağ döyüşçüsüdür. Qarabağ qazisini narkomanlarla bir yerdə saxlayırlar. Utanıb-qızarmırlar, xəcalət çəkmirlər. Heç bunu gözləmirəm də onlardan. Onlarda bu hisslər yoxdur…”.

Tofiq Yaqublu Azərbaycandakı məhkəmə sistemindən də danışıb. 

O bildirib ki, Azərbaycanda məhkəmə sistemi yoxdur. Sadəcə, "məhkəmə” adlanan oyuncaqlar və o oyuncaqlarla oynayan uşaqlar var. O uşaqlara göstərişlər verilir və onlar da həmin göstərişlər əsasında hərəkət edirlər: "Mən indiyə qədər çox məhkəmələr görmüşəm. Siz indi durub mənə deyirsiz ki, guya hüquqlarımı başa salırsız. Hansı hüquqlarımı? Mənim hüquqlarım var? Mənim hüquqlarım olsaydı, mən burada nə gəzirdim? Siz də hakim olsaydınız, yenə də mən burada nə gəzirdim? O videoya baxandan sonra açıb buraxardınız…”

Hakim Anar Tanrıverdiyev apelyasiya şikayətini təmin etməyib – Səbail Rayon Məhkəməsinin 30 sutkalıq inzibati həbs qərarı qüvvədə saxlanılıb.

Bunun ardınca Tofiq Yaqublu aclığa başladığını elan edib. 

O bildirib ki, saxlandığı təcridxanada hüquqları pozulur. Yanına sovqat gətirilməsinə maneələr yaradılır, ailəsi ilə ünsiyyət imkanları məhdudlaşdırılır və s. 

Siyasi fəal vurğulayıb ki, qanunsuz həbsinə, hüquqlarının pozulmasına etiraz olaraq, aclıq aksiyasına başlamaq qərarı verib.

Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb.

Siyasi fəal bundan öncə 2021-ci il dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. 

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. 

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. 

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. 

Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. 

Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.

Ümumiyyətlə, Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.(Meydan TV)