Tofiq Yaqublu ilə konfidensial görüşməyə imkan verilmədi...

Tofiq Yaqublu ilə konfidensial görüşməyə imkan verilmədi...

09-01-2023 15:09 / Bu xəbər 537 dəfə oxundu

İctimai fəal aclığı davam etdirir

Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə yanvarın 5-dən başladığı aclığı davam etdirdiyi bildirilir. 

Bu barədə Meydan TV-yə onun vəkili Nemət Kərimli məlumat verib. 

Vəkil bildirib ki, yanvarın 9-da Binəqədidə inzibati qaydada həbs olunanların saxlandığı təcridxanada Tofiq Yaqublu ilə görüşüb.

Müdafiəçi deyir ki, müvəkkili ilə konfidensial görüşünə imkan verilməyib: "Qanunsuz olaraq, polis əməkdaşı Tofiq Yaqublu ilə görüşümüzdə iştirak etdi. Halbuki, vəkilin hüquqlarını müdafiə etdiyi şəxslə konfidensial görüşmək hüququ var. Faktiki bu hüquq pozulmuş oldu”.

Bir neçə gün öncə Tofiq Yaqublunun başqa bir vəkili Bəhruz Bayramovla görüşündə də bənzər vəziyyət baş vermişdi. 

Bu hüquq pozuntusuyla əlaqədar məhkəməyə müraciət olunacağı bildirilmişdi.

Vəkil Nemət Kərimli deyir ki, yanvarın 5-dən davam edən aclıq Tofiq Yaqublunun səhhətində kəskin problemlər yaradıb. Buna baxmayaraq, siyasi fəal aclığı dayandırmaq niyyətində deyil: "Çox arıqlayıb. Halsızdı, durub-oturanda başı gicəllənir. Söhbət əsnasında məlum oldu ki, yanvarın 5-də axşamüstü məhkəmədə aclığa başladığını elan etməmişdən öncə artıq ac imiş. Həmin gün məhkəməyə gətiriləndə ümumiyyətlə, qida qəbul etməyibmiş…”.

Vəkil Nemət Kərimli

Müdafiəçi əlavə edib ki, təcridxanada həkim hər gün Tofiq Yaqublunun təzyiqini yoxlayır. Lakin o, hələ ki, tibb müəssisəsinə köçürülməyib.

Tofiq Yaqublu vəkilə deyib ki, bu gün səhər saatlarında təcridxana rəisi onu qəbul edib və üzünü qırxmağını tələb edib.

Rəisin qəbulunda Tofiq Yaqublunun tanımadığı mülki geyimli bir şəxs də olub. Tofiq Yaqublu artıq həmin mülki şəxsi ikinci dəfədir ki, gördüyünü deyib: "Həmin şəxs rəis kameraları gəzəndə də yanında olub".

"Düzdür, görüşdə mülki şəxs Tofiq Yaqubluya heç nə deməyib, amma Tofiq Yaqublu onun yanında təzyiqlə üzləşdiyini deyib", - deyə Nemət Kərimli bildirib. 

Siyasi fəalın həyat yoldaşı Maya Yaqublu da yanvarın 7-dən ona dəstək olaraq, evində aclıq edir.

Tofiq Yaqublu insan haqlarının pozulması, o cümlədən ictimai fəal Bəxtiyar Hacıyevin həbsinə etiraz olaraq, 23 dekabrda Fəvvarələr meydanında keçirilən etiraz aksiyasında saxlanılıb. O, həmin gün Səbail Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) və 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddələrilə təqsirli bilinib və ona 30 sutka inzibati həbs cəzası kəsilib.

Tofiq Yaqublu Fəvvarələr meydanında polislər tərəfindən saxlanılarkən jurnalistlər həmin anları çəkib. Videodan görünür ki, Tofiq Yaqublu daha bir nəfərlə birlikdə gəlir. "Mc Donald’s”ın qarşısında jurnalistlər onlara yaxınlaşanda polislər hücum edərək, Tofiq Yaqublunu götürüb aparırlar. Siyasi fəalın səsi eşidilir, o, polislərdən qolunu möhkəm sıxmamalarını istəyir. Bildirir ki, qolu zədələnib.

Bakı Apelyasiya Məhkəməsində yanvarın 5-də hakim bu görüntülərə baxsa da, şikayəti təmin etməyib – 30 sutkalıq həbs qərarı qüvvədə saxlanıb. Bundan sonra Tofiq Yaqublu aclığa başladığını elan edib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.

Bundan öncə 2021-ci il dekabrın 1-də "Saleh Rüstəmliyə azadlıq!” tələbiylə keçirilən etiraz aksiyasında saxlanmışdı, həmin gün axşam saatlarında buraxılmışdı. 

Fəvvarələr meydanında kameralar qarşısında saxlanılan Tofiq Yaqublu buraxılarkən Qaradağ rayonu, Ələt qəsəbəsində, üzərində ağır xəsarətlərlə tapılmışdı. 

Siyasi fəal öncə polis idarəsində, axşamüstü isə oradan çıxarılaraq, çöllük ərazidə döyülərək bu vəziyyətə salındığını bildirirdi. 

Daxili İşlər Nazirliyi isə onun dediklərini təkzib edirdi. Prokurorluq da siyasi fəalın şikayəti üzrə cinayət işi başlamaqdan imtina etdi, belə nəticəyə gəldi ki, Tofiq Yaqublu özü öz başını, bədənini divara, polis maşınına vuraraq, o vəziyyətə düşüb.

Ondan öncə də Tofiq Yaqublu Milli Şuranın 19 oktyabr 2019-cu ildə keçirdiyi etiraz aksiyasında saxlanmışdı, ona 30 sutka həbs cəzası verilmişdi. Həmin vaxt da apelyasiya məhkəməsində siyasi fəal ona verilən işgəncələrdən danışmışdı.

Üç dəfə isə barəsində cinayət işi başlanıb, illərlə həbsdə saxlanıb.