Tofiq Yaqublu: Məni bir saat döydülər, tələb edirdilər ki...

Tofiq Yaqublu: Məni bir saat döydülər, tələb edirdilər ki...

02-11-2019 23:48 / Bu xəbər 1939 dəfə oxundu

"Açıq-aşkar utanmadan yalan danışırlar ki, guya məni Cəfər Cabbarlının heykəlinin yanında tutublar”

Noyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində Milli Şuranın və Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun şikayətinə baxılıb.

Apelyasiya şikayəti üzrə üç gün öncə keçirilən məhkəmədə T.Yaqublu və vəkili Nemət Kərimli bildirmişdi ki, Nəsimi Rayon Məhkəməsində iclasın protokolları saxtalaşdırılıb. T.Yaqublu orada işinə baxılanda Nəsimi Rayon Polis İdarəsində məruz qaldığı işgəncələrdən danışıb, hakim Babək Pənahov onun üzərindəki xəsarətləri görüb. Amma bununla əlaqədar nə ekspertiza təyin edib, nə də bu haqda T.Yaqublunun dedikləri protokolda əksini tapıb.

Vəkil bununla əlaqədar qeydlərini yazılı şəkildə vermiş, apelyasiya məhkəməsi də onları hakim Babək Pənahovun özünə göndərmişdi.

Noyabrın 2-də Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımov deyib ki, qeydlərə cavab gəlib. 

Babək Pənahov protokolun saxtalaşdırılması barədə fikirlərlə razılaşmayıb.

Vəkil T.Yaqublunun üzərindəki xəsarətlərlə əlaqədar ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb. 

Hakim Əflatun Qasımov bu məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Deyib ki, sonra qərar qəbulunda bu məsələyə də münasibət bildirəcək.

Ardınca T.Yaqublu necə həbs olunması və işgəncələrdən danışıb. Deyib ki, oktyabrın 19-da saat 15.15 radələrində Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində saxlanılıb. Lakin birinci instansiyada ifadə verən polislər onu başqa yerdə saxladıqlarını iddia ediblər: "Açıq-aşkar utanmadan yalan danışırlar ki, guya məni Cəfər Cabbarlının heykəlinin yanında tutublar. Halbuki, görüntülər internetdə, "Youtube"da var, bütün dünya görür ki, harada tutublar. Bunlar yalançı şahidlik edir, cinayət törədir. Saxlandıqdan sonra məni Nəsimi Rayon Polis İdarəsinə apardılar, orada bir otaqda saxladılar. Bir az gözlədim, sonra bir polis əllərimi qandalladı, bir, ya iki mərtəbə aşağıda bir otağa apardı. Orada təxminən bir saat döydülər. Tələb edirdilər ki, siyasi mübarizədən çəkilim, adamları etiraza, mitinqə səsləməyim".

T.Yaqublu bildirir ki, həmin gün o, heç bir qanun pozuntusuna yol verməyib, əksinə, onun özünə qarşı cinayət törədilib: "Dövlət insanların hüquqlarını qorumalıdır. İnsanları, onların hüquqlarını qorumalı olan bir orqanda mənə qarşı cinayət törədildi. Bu, dövlət adına törədilmiş cinayətdir. Mən hansı rejimə qarşı mübarizə apardığımı yaxşı bilirəm. Onu da bilirəm ki, bunların mütləq cavabı olacaq. Hüquq, qanun, vicdan, ləyaqət işləməlidir və mütləq işləyəcək".

İşgəncələrlə əlaqədar prokurorluğa da şikayət etdiyini vurğulayan T.Yaqublu məhkəmədən də onu döyənlərin cəzalandırılmasını tələb edib.

Milli Şuranın 19 oktyabr mitinqindən danışan T.Yaqublu deyib ki, Bakı şəhər İcra Hakimiyyəti təklif olunan yerlərdə mitinq keçirməyə icazə verməməklə qanunu pozdu: "Məni də mitinq yerinə gedib çatmamış tutdular".

Vəkil Nemət Kərimli də vurğulayıb ki, Azərbaycanın Konstitusiyasının 49-cu maddəsi insanların sərbəst toplaşmaq, o cümlədən mitinq keçirmək azadlığına təminat verir: "Avropa Məhkəməsi də qərarlarında göstərir ki, Avropa Konvensiyasının 11-ci maddəsi insanların bu azadlığını qoruyur. Azərbaycan da bu Konvensiyanı ratifikasiya edib. Bu azadlığın məhdudlaşdırılması üçün çox ciddi əsaslar olmalıdır".

Vəkil əlavə edib ki, T.Yaqublu mitinq keçirilən yerdən 700-800 metr aralıda saxlanılıb.

Amma hakim Əflatun Qasımov deyilənləri yetərli saymayıb, apelyasiya şikayətini təmin etməyib. 

T.Yaqubluya 30 sutka həbs cəzası verilməsi barədə Nəsimi Rayon məhkəməsinin qərarı qüvvədə saxlanılıb.///Meydan.Tv