Tofiq Yaqublu Müsavatın seçkiyə getməsini qınadı

Tofiq Yaqublu Müsavatın seçkiyə getməsini qınadı

08-07-2024 18:36 / Bu xəbər 913 dəfə oxundu

"Hakimiyyətin oyunlarında şüurlu şəkildə iştirak etməkdir”

Tofiq Yaqublu üzvü olduğu Müsavat Partiyasının növbədənkənar parlament seçkilərində iştirakına münasibət bildirib.

Nigar Həzi həbsdə olan atasının fikirlərini "Facebook” sosial şəbəkəsində paylaşıb.

Tofiq Yaqublu Müsavat Partiyasının bu addımını qınadığını bildirib: "Ölkədə siyasi repressiyaların görünməmiş həddə olduğu, bütün fundamental azadlıqların, xüsusən də azad seçki, sərbəst toplaşmaq və media azadlığının tamamilə ləğv edildiyi bir dövrdə Müsavat Partiyasının Məclisinin parlament seçkilərində iştirak etmək haqqındakı qərarını qətiyyətlə qınayıram. Qərarın hakimiyyətin oyunlarında şüurlu şəkildə iştirakdan başqa bir şey olmadığını düşünürəm”.

2024-cü il iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

Prezident İlham Əliyev Milli Məclisin buraxılması və sentyabrın 1-də erkən seçki keçirilməsi ilə bağlı iyunun 28-də sərəncam imzalayıb.

İyulun 4-də Müsavat Partiyası sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə əlaqədar qərar qəbul edib.

Azərbaycanda sonuncu parlament seçkisi də növbədənkənar olub və 2020-ci ilin fevralında olub.

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu 2024-cü ilin dekabrın 14-dən həbsdədir.

Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb.

Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Tofiq Yaqublu xaricə adam göndərmək adı ilə pul almaqda ittiham olunur.

Siyasətçinin qızı Nigar Həzi bu ittihamın yalan olduğunu, atasını şərləmək məqsədilə müəyyən adamlardan istifadə olunduğunu bildirib.

Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.