Tofiq Yaqublu polisdə saxlanılır

Tofiq Yaqublu polisdə saxlanılır

23-03-2020 01:27 / Bu xəbər 1131 dəfə oxundu

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu Nizami Rayon Polis İdarəsinə aparılıb.

Tofiq Yaqublunun qızı Nigar Həzinin verdiyi məlumata görə, polisə aparılmağa səbəb olan hadisə günorta saatlarında, Bakının 8-ci km adlanan hissəsində baş verib.

Əvvəlcə Tofiq Yaqublunun park halında dayanmış maşını ilə başqa bir avtomobil arasında qəza baş verib. Sürücülər arasında çıxan mübahisədən sonra Tofiq Yaqublu "102" polis qaynar xəttinə zəng edib və daha sonra şəxslər Nizami Rayon Polis İdarəsinə aparılıb.

Nigar Həzi Tofiq Yaqublunun şikayətçi qismində polis idarəsinə getdiyini, lakin idarədə ona qarşı ittiham irəli sürüldüyünü deyib. Hazırda Milli Şura üzvünə qarşı cinayət işi açılıb.

Həmçinin T.Yaqublunun vəkil Elçin Sadıqovla görüşünə icazə verilməyib.

Hazırda istintaqa müstəntiq Ramil Əliyev rəhbərlik edir. 

Polisdən Nigar Həziyə verilən məlumata görə, qəza törədən ər və arvad Tofiq Yaqubludan şikayətçi olublar. 

Nigar Həzi həmin adamları təxribatçı adlandırıb və göstəriş əsasında qəza törətdiklərini deyib:

"Atam guya maşından düşüb ər-arvadla dalaşıb və onlara xəsarət yetirib. Hələ ki, araşdırma gedir".

Daha əvvəl 19 oktyabr 2019-cu ildə Milli Şura və AXCP-nin mitinqində saxlanılan Tofiq Yaqubluya 30 sutka həbs cəzası verilib.///Toplum.tv