Tofiq Yaqublu: “Şərlənməyimdə iştirakı olan hər kəs şərəfsizdir”
27-07-2024 21:05 / Bu xəbər 712 dəfə oxundu
Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü, 8 aya yaxındır həbsdə olan Tofiq Yaqublunun işi üzrə məhkəmədə dindirmələr başlayıb.
Siyasi fəal tələb edir ki, məhkəmə prosesində jurnalistlərin videoçəkiliş aparmasına icazə verilsin, prosesdə baş verənlər olduğu kimi ictimaiyyətə çatdırılsın. Lakin onun işini aparan hakimlər buna icazə vermir.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur Nuriyevin sədrliyilə, Azər Tağıyev və Kamran Muxtarovdan ibarət hakimlər kollegiyası baxır.
İyulun 26-da keçirilən məhkəmə iclasında hakimin prosesdə foto və video çəkilişə qadağa qoymasına Tofiq Yaqublu etiraz edib: "Ötən dəfə icazə verdiniz, yəqin ki, sizi danlayıblar. Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevin məhkəməsini televiziyalar canlı yayımlayırdı. Bütün ailəsini öldürən Əhməd Əhmədovun məhkəməsindən hər dəfə reportaj verirlər, Kürdəxanıda (Bakı İstintaq Təcridxanasını nəzərdə tutur) baxırıq. Mənim məhkəməmdə niyə çəkiliş olmaz? Demirsiniz ki, dələduzam, bəs niyə dələduzluğumun sübut olunmasının yayılmasını istəmirsiniz? Çünki bilirsiniz ki, özünüz ifşa olunacaqsınız. Gələndə Kürdəxanıda bütün qələmlərimi əlimdən alıblar. Guya mən yazmasam, dünya İlham Əliyev rejiminin hərəkətlərini bilmir?”
Hakim Elnur Nuriyev məhkəmədə davranış qaydalarını, Tofiq Yaqublunun hüquq və vəzifələrini izah edəndə siyasi fəal belə reaksiya verib: "Qayda, hüquq varsa, mən niyə buradayam? Niyə məni şərəfsizcəsinə 4-cü dəfə şərləyirlər. Mənim şərlənməyimdə, verilən qərarlarda iştirakı olan hər kəs şərəfsizdir”.
Hakim səsləndirdiyi fikirlərə görə Tofiq Yaqubluya xəbərdarlıq edib.
Bu işdə Tofiq Yaqubludan əlavə daha bir nəfər – "Elnur Vaqifoğlu” kimi tanınan Elnur Məmmədov da təqsirləndirilən şəxs qismində tanınıb.
Elşən Hüseynov adlı biri isə zərərçəkmiş qismindədir: "Əslində, o adam zərərçəkən deyil, mənə qarşı şərləmə əməliyyatında iştirak etməklə özünə xeyirgötürəndir”.
Daha sonra prokuror ittiham aktını elan edib.
İş materiallarında göstərilib ki, Elnur Vaqifoğlu dəfələrlə dələduzluğa görə məhkum olunub.
Sonuncu dəfə 2019-cu ildə ona şərti cəza verilib.
İttihama əsasən, Elnur Vaqifoğlu Tofiq Yaqublu ilə əlbir olub, Almaniyaya gedib, vətəndaşlıq almaq istəyən Elşən Hüseynovu aldadıb, onun 25 min avro və 10 min manat pulunu ələ keçirib.
İttihamda göstərilib ki, Elşən Hüseynov Almaniyaya getmək istədiyini və bunun üçün pul xərcləməyə hazır olduğunu Elnur Vaqifoğluna deyib.
O isə noyabr ayında bu barədə Tofiq Yaqubluya Bakı Apelyasiya Məhkəməsinin qarşısında bildirib.
Tofiq Yaqublu da "Azadlıq” qəzetinin və "Turan TV”nin baş redaktoru, Fransada mühacirətdə olan Qənimət Zahidlə danışıb və Elşən Hüseynovun Almaniyaya gedib, vətəndaşlıq alması üçün 25 min avro və 10 min manat pul istəyib. Elnur Vaqifoğlu pulu gətirəndə Tofiq Yaqublu ona Elşən Hüseynovun əslində, mövcud olmayan bir cinayət işi üzrə istintaqa dindirməyə çağırılması barədə saxta çağırış vərəqi verib.
Məqsəd Elşən Hüseynovun Almaniyada o vərəqi göstərib, təzyiqə məruz qalmasını sübut etmək olub. Lakin Elşən Hüseynov saxta sənədi alandan sonra getməyə qorxub və pulu verəndən iki gün sonra polisə şikayət edib.
İttiham aktı elan olunarkən Tofiq Yaqublu əlində "Yalançının…” yazılmış plakat tutub. Bu, prokurorun da diqqətindən yayınmayıb.
"Bu ittiham aktını mən yazmamışam, mənim fikirlərim deyil. Mən sadəcə, orada yazılanları oxumağa mükəlləfəm”, – deyə reaksiya verib.
Buna cavab olaraq, Tofiq Yaqublu bildirib ki, ona qarşı hazırlanmış təxribatda, həmçinin sonradan istintaq və məhkəmə proseslərində iştirakı olanlara aiddir.
Elnur Vaqifoğlu ittihama münasibət bildirərkən özünü təqsirli bildiyini deyib.
Tofiq Yaqublu isə özünü təqsirli bilməyib, onunla bağlı yazılanların hamısının şər-böhtan olduğunu bildirib.
Daha sonra təqsirləndirilən şəxslərin dindirilməsi prosesi başlayıb. Əvvəl Elnur Vaqifoğlu ifadə verib.
O bildirib ki, Elşən Hüseynov oktyabrda ona Almaniya ilə bağlı planlarını deyəndən sonra noyabrın əvvəlində Bakı Apelyasiya Məhkəməsinin qarşısında Tofiq Yaqublu ilə görüşüb. Ona da bu barədə məlumat verib.
Noyabrın ortalarında Nərimanov Rayon Məhkəməsinin qarşısında yenidən Tofiq Yaqublu ilə görüşüb.
Həmin vaxt Tofiq Yaqublu onun yanında Qənimət Zahidə zəng eləyib, məsələnin təfərrüatlarını danışıb, 25 min avro və 10 min manat pul istəyib. Dekabrda isə Elşən Hüseynovun sənədlərini və pulu ona verib: "Eşitmişdim ki, Tofiq bəy belə işlərlə məşğul olur. Elşən Hüseynov mənə deyəndə mən də ona müraciət eləmək qərarına gəldim. O da dedi ki, Qənimətlə maraqlanıb deyəcəyəm. Razılaşandan sonra pulu və sənədləri verdim, o da prokurorluğun çağırışı barədə saxta sənədi verdi. Aparıb Elşənə çatdırdım. Elşən saxta sənədi görə panikaya düşdü, getmək istəmədi. Gedib şikayət elədi…”.
Tofiq Yaqublu isə Elnur Vaqifoğlunun danışdıqlarının yalan olduğunu bildirib.
Onun sözlərinə görə, artıq həbsi üçün ssenari hazırlandığı vaxtda Elnur Vaqifoğlu "Facebook” hesabından ona yazıb: "Deyir ki, məni guya 2000-ci ildən tanıyır. Bəs niyə mənə ilk dəfə 2023-cü ilin 2 noyabrında yazıb hal-əhval tuturdu? Mənə yazdı: "Bəy, siz Gürcüstandansınız, Saakaşvilinin müdafiəsinə görə ora getmək istəyirəm, qohumlarınız məni qarşılayar?” İlham Əliyevin həbs elətdirdiyi ictimai-siyasi fəalların məhkəməsinə mübariz insanlar gedir. Hamımız da bilirik ki, ora gələnləri kənardan Daxili İşlər Nazirliyinin, DTX-nın agentləri çəkir. Belə bir vəziyyətdə, hamının içində mən Qənimət Zahidə zəng eləyib, mühacirət məsələsini həll eləmişəm? Guya mənə sənədlər verib, arasında Elşən Hüseynovun pasportunun surəti də olub. Səfirlik pasport surətilə adama viza verir? Vizanı hara vuracaqdılar? Hamı bilir ki, viza üçün pasportun vaxtının bitməsinə ən azı 6 ay qalmalıdır. Bunun pasportunun da vaxtı keçib. Mən, yaxud da Qənimət Almaniya vətəndaşlığı verir? Qənimətin özünün vətəndaşlığı yoxdur Fransada. Bu qədər qırmızı yalanları uydurmaq üçün şərəfsiz olmalısan”.
Məhkəmədə Elnur Vaqifoğlunun Tofiq Yaqubluya: "Məni zibilə salmısınız, elə danışırsınız”, - deməsi və gülməsi siyasi fəalın ailə üzvlərini qıcıqlandırıb.
Onlar etiraz etdiklərinə görə hakim Elnur Nuriyev öncə Tofiq Yaqublunun kürəkəni Seymur Həzinin, daha sonra bacısı Rima Yaqublunun məhkəmə zalından çıxarılmasına göstəriş verib.
"Bu bacının qardaşını 4-cü dəfədir ki, simasızlar şərləyərək həbs edir. Sizin kimilər də utanmaz-utanmaz şər-böhtana dəstək verib, hökm çıxarır”, – Tofiq Yaqublu etiraz edib.
Onlar çıxarıldıqdan sonra növbə Tofiq Yaqublunun qızı Nigar Həziyə çatanda o, məhkəmə zalından çıxmayacağını bildirib.
Bu işdə Elnur Vaqifoğlu və Elşən Hüseynovun şərləmə əməliyyatının fiqurları olduğunu, hakimlərin də onlara açıq-aşkar dəstək verdiyini bildirərək etiraz edib. Bu səbəbdən məhkəmə prosesində gərginlik yaranıb.
Məhkəmə prosesi avqustun 9-da davam edəcək.
Tofiq Yaqublu dekabrın 14-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Tofiq Yaqublu siyasi fəaliyyəti dövründə bir neçə dəfə inzibati və uzunmüddətli həbsdə olub.
O, 2013-cü ildə İsmayıllıda etirazların təşkilində ittiham olunaraq həbs edilib.
5 il azadlıqdan məhrum edilən siyasətçi 2017-ci ildə əfv sərəncamıyla azadlığa buraxılıb.
O, daha sonra 2020-ci il martın 22-də xuliqanlıq ittihamıyla həbs olunub.
İddia olunurdu ki, o, "8-ci kilometr bazarı”nın yanında avtomobil qəzası törədib, daha sonra digər avtomobilin sürücüsünü və onun həyat yoldaşını təhqir edib, onlara xəsarət yetirib.
Bu dəfə Nizami rayon Məhkəməsinin hökmüylə 4 il 3 ay azadlıqdan məhrum edilib.
Hökmdən dərhal sonra – 2 sentyabr 2020-ci ildə məhkəmə ədalətsizliyinə etiraz olaraq aclığa başladığını bəyan edən Tofiq Yaqublu bu aksiyanı 17 gün davam etdirib. Onun vəziyyəti pisləşdiyinə görə istintaq təcridxanasından klinikaya köçürülüb.
Sentyabrın 18-də Bakı Apelyasiya Məhkəməsinin qərarıyla o, ev dustaqlığına buraxılıb.
2021-ci il iyulun 15-də Bakı Apelyasiya Məhkəməsi 4 il 3 aylıq həbs hökmünü şərti cəza ilə əvəzləyib.
Tofiq Yaqublu etiraz aksiyalarında, mitinqlərdə iştirakına görə bir neçə dəfə inzibati qaydada 30 sutkalıq həbs olunub.(Meydan TV)