Tofiq Yaqublu təkadamlıq aksiyaya cəhd edib

Tofiq Yaqublu təkadamlıq aksiyaya cəhd edib

18-04-2022 16:19 / Bu xəbər 3832 dəfə oxundu

"Ukrayna” dairəsində aksiya keçirmək istəyən siyasi fəala polisin mane olduğu bildirilir

Aprelin 18-də Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu Ukraynaya dəstək məqsədilə Bakıda – "Ukrayna” dairəsində təkadamlıq aksiya keçirməyə cəhd edib.

Bu barədə Tofiq Yaqublu özü Meydan TV-yə deyib.

Tofiq Yaqublu bildirib ki, polislər onun aksiya keçirməsinə imkan verməyiblər.

Onun sözlərinə görə, "Ukrayna” dairəsinə çatanda artıq polislərin ora toplaşdığını görüb: "Mən Ukrayna bayrağı ilə əraziyə çatanda polislərlə qarşılaşdım. Hətta Nigar Həziyə də şəklimi çəkməyə imkan vermədilər”.

"Hansı əsasla mane olduqlarını soruşduqda cavab verdilər ki, rəhbərlik belə tapşırıq verib. Görün, hansı absurd vəziyyət yaranıb ki, bayraqla şəkil çəkməyə də icazə vermirlər”, – deyə Yaqublu bildirib.

Tofiq Yaqublu qeyd edib ki, ona qarşı hər hansı inzibati cəza tətbiq olunmayıb.

Xatırlatma

Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.

Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.

Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.

Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.

Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

Dünyanın müxtəlif ölkələrində Ukraynaya dəstək aksiyaları keçirilib.