Tofiq Yaqublunun aksiya tələbinə rədd cavabı verilib

Tofiq Yaqublunun aksiya tələbinə rədd cavabı verilib

08-07-2022 18:53 / Bu xəbər 768 dəfə oxundu

O, icra hakimiyyətinə yenidən müraciət etdiyini deyir

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun Nazirlər Kabinetinin qarşısında iyulun 13-nə təyin etdiyi aksiyaya rədd cavabı verib.

Tofiq Yaqublu aksiyanı hökumətin quru sərhədlərinin bağlanmasına etiraz əlaməti olaraq təyin etmişdi.

Daxili İşlər Nazirliyi də icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış hər hansı aksiyanın yolverilməz olduğunu bildirib.

Tofiq Yaqublunun sözlərinə görə, meriya imtina cavabını müraciətin aksiya tarixindən ən az 5 gün əvvəl təqdim edilməməsi ilə əsaslandırıb: "Ona görə də yenidən meriyaya iyulun 20-də aksiya keçirilməsinə icazə vermək üçün müraciət ünvanladım”.

"Məncə, aksiyanı cəmi bir həftə təxirə salmaq faciə sayılmaz. Əgər dostların əksəriyyəti rəylərdə razılaşdırılmamış aksiyaya çıxmağı tələb edərlərsə, o zaman deyilən vaxtda və yerdə görüşürük”, – deyə Yaqublu bildirib.

Tofiq Yaqublu onu da əlavə edib ki, hökumətə lazım olanda nəinki bu tələb, heç rəsmi müraciətin olmaması da yadlarına düşmür.

Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.

Səbəb kimi pandemiya göstərilib.