Tofiq Yaqublunun həbs müddəti uzadılır?

Tofiq Yaqublunun həbs müddəti uzadılır?

18-06-2020 15:42 / Bu xəbər 1465 dəfə oxundu

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun sanksiya müddətini 2 ay artırmaq üçün müstəntiq Ramil Əliyev məhkəməyə müraciət edib.

Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi bildirib.

Onun sözlərinə görə, müraciətə iyunun 19-da Nizamı Rayon Məhkəməsinin hakimi Rauf Əhmədovun sədrliyi ilə baxılacaq. Məhkəmə qapalı keçiriləcək.

Rəsmi məlumat

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, martın 22-də paytaxtın Nizami rayonu ərazisində Tofiq Yaqublunun idarə etdiyi avtomobil Elxan Cəbrayılovun idarə etdiyi avtomobillə toqquşub. Faktla bağlı Nizami Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirib,” o qeyd edib.

Tofiq Yaqublu ittihamları rədd edir

Yaqublu ittihamı rədd edir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

Yaqublu məhkəmədə deyib ki, həbsi Facebook-da yazdığı statuslar və Amerikanın Səsinə verdiyi müsahibə ilə bağlıdır.

Onun həbsi prezident İlham Əliyevin müxalifətin ünvanına söylədiyi tənqiddən bir neçə gün sonraya təsadüf edir.

Yaqublu bundan öncə də 2013-cü ildə İsmayıllıda iğtişaş yaratmaqda günahlandırılaraq 3 il həbsdə saxlanıb (5 il həbs cəzası almışdı, əfv sərəncamı ilə azadlığa çıxıb). O, 2019-cu il oktyabrın 19-da Milli Şuranın razılaşdırılmamış etiraz aksiyasında da 30 sutkalıq inzibati həbs olunmuşdu. Bu həbs zamanı Tofiq Yaqublu işgəncələrə məruz qaldığını bildirmişdi. Daxili İşlər Nazirliyi isə işgəncələr barədə deyilənlərin böhtan olduğunu bəyan edib.
 
amerikaninsesi.org