Tofiq Yaqublunun məhkəməsinin vaxtı açıqlandı

Tofiq Yaqublunun məhkəməsinin vaxtı açıqlandı

18-09-2020 14:12 / Bu xəbər 731 dəfə oxundu

Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində verilmiş apelyasiya şikayətinin hazırlıq iclasını sentyabrın 18-də saat 16:00-a təyin edib. 

Bu barədə T.Yaqublunun vəkili Aqil Layıc məlumat yayıb: "Bakı şəhəri Nizami Rayon Məhkəməsinə verdiyim vəsatəti geri götürdüm. Bakı Apelyasiya Məhkəməsi Tofiq Yaqublu barəsində verdiyimiz apelyasiya şikayətinin hazırlıq iclasını bu gün saat 16:00-a təyin edib. Azadlığa qovuşması məsələsinə də bu gün baxılacaq".

Bir gün əvvəl apelyasiya məhkəməsi sentyabrın 28-nə təyin edilmişdi. Həmin gün, sentyabrın 17-də Ədliyyə Nazirliyi və TƏBİB-in nümayəndələri "City Hospital"da müalicə olunan Tofıq Yaqubluya baş çəkiblər.

TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, xəstənin vəziyyəti kafi qiymətləndirilir: "Biz həkim olaraq dərhal aclığı dayandırmasını tövsiyə etdik. Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, T.Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir".
 
Tofiq Yaqublunun qızı Nigar Həzi Toplum TV-yə açıqlamasında bildirib ki, bununla əslində hökümət TƏBİB vasitəsilə Tofiq Yaqublunun vəziyyətinin ağır olduğunu etiraf edir.

N.Həzi ayın 17- də ailəvi görüş zamanı da T.Yaqyblunun vəziyyətinin kritik olduğunu deyib: "Ailəvi görüş olsa da, ancaq anama görüş üçün icazə verildi. Anam onun halsız və güclə danışdığını deyir".

Həkim Adil Qeybulla Toplum TV-yə açıqlamasında Tofiq bəyin vəziyyətinin hazırda kritik ağır olmasa da, potensial ağır dərəcədə olduğunu bildirib: "Yəni hər an kollaps ola bilər, komaya düşə və ya ürəyi dayana bilər. Hər şey ola bilər. Çünki bu insan artıq 17 gündür ki, aclıq edir".

Tofiq Yaqublu bu il martın 22-də həbs edilib.  O, Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunub.

Nizami Rayon Məhkəməsi Tofiq Yaqublunun 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Tofiq Yaqublu isə həbsinin siyasi sifariş olduğunu bildirib. 

O, sentyabrın 2-dən həbsinə etiraz olaraq aclıq aksiyası keçirir. Tofiq Yaqublu hazırda aclıq aksiyasının 17-ci günündədir. O, sentyabrın 12-də istintaq təcridxanasından "City Hospital"a köçürülüb.