Tofiq Yaqubluya cinayət işi açılıb

Tofiq Yaqubluya cinayət işi açılıb

23-03-2020 13:43 / Bu xəbər 745 dəfə oxundu

Daxili İşlər Nazirliyi müxalifət fəalı Tofiq Yaqubluya qarşı cinayət işi açıldığını, onun şübhəli şəxs qismində saxlanıldığı bildirir. 

Nazirliyin Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov deyir ki, martın 22-də günorta saat 15-də paytaxtın Nizami rayon ərazisində Tofiq Yaqublu idarə etdiyi "Toyota Corolla” markalı avtomobil Elxan Cəbrayılovun idarə etdiyi "VAZ-2107” markalı avtomobillə toqquşub. 

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək, Elxan Cəbrayılovu və onun həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Hadisə yerinə polis əməkdaşları gəliblər”, DİN-in sözçüsü belə söyləyir.

Faktla bağlı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanıldığı bildirilir.

Tofiq Yaqublunun Nizami Rayon Məhkəməsinə aparıldığı qeyd olunur. 

Yaqublunun ailəsi isə hələlik ondan xəbər ala bilmədiyini deyir: "Hələlik gözləyirik, vəkil gəlib, müstəntiq yoxdur”. 

Bu sözləri Aqrument.az-a Tofiq Yaqublunun qızı Nigar Həzi deyib. 

Onun sözlərinə görə, Tofiq Yaqublu bir gün öncə günorta saatlarında avtomobilinə dəyən ziyan barəsində polisə özü müraciət edib.

"Maşına xəsarət yetirənlərin özləri də şikayətçi olublar, güya ata onlara təzyiq göstərib, zor tətbiq edib. Mənim bildiyim ancaq bu qədərdir. Vəkil içəri keçəndən sonra biz detallı məlumat ala bilərik. Gözləyirik”, - Nigar Həzi bildirib. 

Tofiq Yaqublunun vəkili Elçin Sadıqov deyir ki, müstəntiq yerində olmadığına görə Tofiq Yaqublu ilə görüşə bilmir: "Nizami rayon polis idarəsinin qarşısındayam. Hələ də məni istintaqa buraxmırlar. Bəhanə edirlər ki, istintaqın rəisi və müstəntiq otaqlarında deyil. 

Problemlə bağlı Ehsan Zahidovun köməkçisinə, Ombudsman Aparatındandan Rəşid müəllimə zəng etmişəm. Eyni zamanda Bakı şəhər Nizami Rayon prokuroruna da məlumat vermişəm. Lakin hələ də Tofiq Yaqublunun müdafiə hüququ pozularaq məni istintaqa buraxmırlar”. 

Tofiq Yaqublu 2013-cü ildə İsmayıllıda baş verən etirazlardan sonra kütləvi iğtişaşlara çağırma və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunaraq 5 il həbs edilib. 

O, 2016-cı ilin martında əfv olunub. 

Tofiq Yaqublu Müsavat Partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvüdür.

Elməddin Şamilzadə