Tofiq Yaqubluya təzyiqlərin davam etdiyi deyilir

Tofiq Yaqubluya təzyiqlərin davam etdiyi deyilir

11-05-2020 22:57 / Bu xəbər 1141 dəfə oxundu

Müsavat Partiyasının və Milli Şuranın fəalı, həbsdə olan Tofiq Yaqubluya qarşı qadağaların davam etdiyi bildirilir. 

Ailəsinin Toplum TV-yə verdiyi məlumata görə ona göndərilən geyim əşyaları qəbul olunmur, telefon danışıqlarına maneələr yaradılır.

Penitensiar Xidmətin Mətbuat Xidmətinin rəhbəri Mehman Sadıqov deyir ki, görüşlərin təşkili və məhkumlara kənardan göndərilən sovqatların qəbulu karantin səbəbilə dayandırılıb, amma bu məsələ ilə bağlı məhkumların bütün ehtiyacları qarşılanıb.
 


Tofiq Yaqublunun qızı Nigar Həzi Penitensiar Xidmətin "məhkumların zəruri ehtiyacları qarşılanır” fikrinə inanmadığını deyir: "Həbsxananın daxilindəki marketə kənardan məhsulların daxil olunmasına icazə varsa, niyə bizim keçirmək istədiyimiz əşyalara icazə yoxdur?" 
 
 

N.Həzinin qənaətincə, bu qadağa karantinə görədirsə, o zaman daxil olan digər məhsullara da şamil olunmalıdır: "Mən düşünürəm ki, bu Tofiq Yaqubluya qarşı tətbiq edilən düşünülmüş əməldir”. 

O, atasının telefon danışıqlarına da əngəl yaradıldığını iddia edir: "Atam deyir ki, ona telefonla danışmağa ən conda icazə verirlər".

Demokratiyanın Tədrisi və Seçkilərin Monitorinqi Mərkəzinin rəhbəri Anar Məmmədli karantinə görə qoyulan məhdudiyyətlərin anlaşılan olduğunu bildirir. Ancaq o da hesab edir ki, bəzi məsələlərlə bağlı çarə, alternativ yol tapılmalıdır: "Söhbət ondan gedir ki, istintaq təcridxanasında heç bir dustağa kənardan sovqat gətirilməsin. Paralel olaraq istintaq təcridxanası daxilində ərzaq və paltarın satışı təşkil olunur. Mənə elə gəlir ki, ərzaqların qəbul olunmaması anlaşılandı, amma bu paltarla bağlı nəsə bir tədbir görülməlidir. Tutalım istintaq təcridxanasında gigiyenik qaydalara, sağlamlığa riayət etməsi üçün onun yaxınları tərəfindən göndərilmiş təmiz paltarla və ya onu 2-3 ay təmin edəcək əşyalarla təmin olunması zəruridir. Bura tibbi ləvazimatlar, dərmanlar, gigiyenik qaydalarla bağlı məsələlər və ya ayaqqabı, paltar da daxildir”. 
 


Anar Məmmədlinin sözlərinə görə göndərilən əşyaların təmizliyini, gigiyenik qaydalara uyğun olub-olmadığını istintaq təcridxanasında yoxlamaq çox asandır. O, pal-paltar, əşya məsələsində ciddi məhdudiyyətlərin tətbiqinin dustağın sağlamlığına problem yaradtdığını düşünür: "Bildiyim qədəriylə Tofiq Yaqublu bronxial astmadan əziyyət çəkir və ona qarşı bu məhdudiyyətin tətbiq olunması yolverilməzdir”.

A.Məmmədli telefonla bağlı məhdudiyyətlərin isə anlaşılan olmadığını söyləyir. O, hər kəsin ailə üzvləri ilə əngəlsiz ünsiyyət saxlamaq haqqı olduğunu bildirir: "Koronavirus dövründə və ya adi dövrdə belə bir məhdudiyyətin olması doğru deyil. Bu, saxlanılan şəxsin hüquqlarının pozulması və məhdudlaşdırılmasıdır”.

TofiqYaqublu martın 22-də həbs olunub. Ona qarşı CM-nin 221.3 (silah və ya silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsilə ittiham irəli sürülüb. 
İddiaya görə, T.Yaqublu avtomobili ilə qəza törədib, daha sonra o biri maşında olan ər-arvadı – Elxan və Cəvahir Cəbrayılovları döyüb, xəsarət yetirib.

T.Yaqublu İsmayıllı hadisələrinə görə həbs olunmuş, 2016-cı ilin martında azadlığa çıxmışdı. 

O, Milli Şuranın ötən il oktyabrın 19-da keçirdiyi mitinqdədə 30 günlük inzibati həbs cəzası almışdı. 

Sonuncu həbs zamanı T.Yaqublu ağır işgəncələrə məruz qaldığını bildirmişdi. Ailə üzvlərinin sözlərinə görə, həmin işgəncələr nəticəsində T.Yaqublunun səhhətində fəsadlar yaranıb.